NATO-dan "küsən" Macarıstan Türkiyəyə yaxınlaşır - TƏHLİL

Macarıstanın müstəqilliyinin ildönümünə həsr olunmuş mərasimdə Budapeştin üzv olduğu Avropa İttifaqının deyil, türk dövlətlərinin liderlərinin iştirakı diqqət çəkdi. Baş nazir Viktor Orban "siyasi dostlarını milli bayrama dəvət etdiyini" söylədi.

Metbuat.az xəbər verir ki, məsələni müzakirə edən politoloq İlyas Hüseynov bildirib ki, son illərdə Macarıstanın Avropa ilə böyük fikir ayrılıqları meydana gəlib. Politoloq deyir ki, bunun səbəbi Orbanın təkcə ifrat sağçı lider olmağında deyil:

“V.Orban dünyanın bir çox yerlərində eynicinsli nikahlardan tutmuş qloballaşma və Ukraynadakı müharibəyə kimi məsələlərdə Avropa İttifaqı və NATO ilə ziddiyyət təşkil edən sürətlə inkişaf edən ifrat sağçı hərəkatı təmsil edir. Bundan əlavə, iqtisadi tənəzzül yaşayan və ucuz enerjiyə ehtiyacı olan Macarıstan üçün Şərq tərəfdaşları daha önəmli görünür. Son illər Macarıstan Türkiyə və türkdilli respublikalarla yaxınlaşmağa başlayıb və hazırda Macarıstan Türkmənistan və Şimali Kiprlə yanaşı Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir. V.Orban TDT-nin tədbirlərində fəal iştirak edir, NATO çərçivəsində Türkiyə ilə fəaliyyətini koordinasiya edir, Azərbaycan la enerji sahəsində əməkdaşlığını genişləndirir və s. Xüsusilə, son illər Türkiyə ilə Macarıstan arasında ciddi yaxınlaşma müşahidə olunur. Türkiyə prezidenti R.T.Ərdoğan Budapeştdə xüsusi təmtəraqla qarşılandı. Qeyd edək ki, iki ölkə arasında qaz müqaviləsi imzalandı. Bununla yanaşı, dekabrda Türkiyə-Macarıstan sammitinin keçirilməsi qərara alınıb”.

Son illərdə Macarıstanın bir çox məsələlərdə Aİ ilə ortaq mövqeni bölüşə bilmədiyini xatırladan eksert qeyd etdi ki, Türkiyə Budapeştin bu məsələdə ən yaxın tərəfdaşıdır:

“Ukrayna dakı müharibə, NATO-nun genişlənməsi, Rusiyaya qarşı məhdudiyyət və sanksiyalar, digər bu kimi məsələlərdə Ankara və Budapeşt in mövqeləri üst-üstə düşür. Bu səbəbdən Orban indi daha çox Şərqə yönəlib. Macarıstan da Rusiya qazının Türkiyə üzərindən Şərqi Avropaya ixracında əsas rol oynamağa çalışır. Bu baş verərsə, Macarıstan aparıcı tranzit ölkələrdən birinə çevriləcək. Üstəlik, Türkiyənin NATO-da olması Orbanın manevr imkanlarını daha da genişləndirir. Yəni Türkiyə indi Macarıstan hökumətinin təbii və əvəzolunmaz müttəfiqi halına gəlib”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı