Sülhə çağırış jurnalistikanın fəlsəfəsindən irəli gəlir

KİV-in missiyası ictimai maraq kəsb edən məlumatları toplayıb yaymaqdan ibarətdir. Bu missiyanı yerinə yetirən KİV subyekti və ya jurnalist obyektiv, qərəzsiz, dəqiq olmalı, yalnız həqiqəti yaymalıdır.

Qeyd edilən prinsip müharibə və post-münaqişə dövrü üçün də keçərlidir. İctimai nəzarətçi, ictimai maraqların müdafiəçisi olmaq missiyası heç bir halda unudulmamalıdır. KİV subyekti və ya jurnalist həm müharibə dövründə, həm də post-münaqişə dövründə -sülh quruculuğu prosesində- vicdanla hərəkət etməli, etik prinsiplərə hörmətlə yanaşmalıdır. Müharibə və sülh prosesində tərəf olanların öz maraqları kontekstində yaradıb yaydıqları dezinformasiyaları ifşa etməklə ictimai maraqlara töhvə verməlidir. Yanlış informasiyanın vura biləcəyi zərər riskini azaltmağa çalışmalıdır.

Jurnalist peşə prinsipləri ilə “müharibə və post-münaqişə prosesində iştirak şərtləri”ni necə uyğunlaşdırmalıdır? Bu prinsip və şərtləri milli maraqlarla necə uzlaşdırmalıdır? Qeyd edilən kontekstdə dilemma ilə qarşılaşan jurnalistələrə istiqamət verən, yol göstərən nəzəri bilgilər, əyani vəsaitlər mövcuddurmu?

Suallarımızı Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı, media mütəxəssisi Vüqar Zifəroğlu cavablandırıb.

Sual: “Sülhyaratma prosesində medianın rolu” mövzusunda nəzəri bilgiləri ehtiva edən vəsaitlər beynəlxalq təşkilatlar tərəfindən hazırlanaraq yayılıb. Bəs Azərbaycanda necə: bu mövzuda vəsaitlər dərc edilibmi? Yaxud, Siz özünüz bu mövzuda hansısa məlumat paylaşımı etmisinizmi?

Cavab: Ölkəmizdə “Sülhyaratma prosesində medianın rolu” mövzusunda nəzəri bilgiləri ehtiva edən vəsaitin mövcud olması barədə məlumatım yoxdur. Ehtimal edirəm ki, belə bir vəsait olmadığı üçün mən onunla rastlaşmamışam. Lakin mövzunu bütövlükdə əhatə edən konkret vəsait olmasa da, onun ayrı-ayrı elemetlərinə birbaşa və dolayısı ilə fərqli vəsaitlərdə toxunulub. Belə ki, sülhə çağırış jurnalistikanın fəlsəfəsindən irəli gələn əsas məqamlardandır. Jurnalist sülhün, humanizmin, demokratiyanın, tərəqqinin, qəsbkarlığa qarşı hərəkatın müdafiəsi qismində çıxış etməlidir. Bu mövzuda dünyanın bütün jurnalistləri ilə həmrəy olmalıdır. Bu cür nəzəri fikirləri əhatə edən vəsaitlərdə paralel olaraq, medianın sülh prosesində rolu məsələsinə də aydınlıq gətirilir. Mən özüm də müəllifi olduğum və Avropa Şurasının maliyyə dəstəyi nəşr edilən “Jurnalist etikası” adlı dərs vəsaitimdə bu barədə məlumat vermişəm. Həmin dərslikdə ayrıca olaraq “sülh jurnalistikası” anlayışına xüsusi yer ayırmışam.

Sual: Bəllidir ki, müharibə və post-münaqişə mövzusunda informasiya hazırlamağın bəzi spesifik şərtləri mövcuddur. Jurnalist həmin şərtləri “etik kodeksin” prinsipləri ilə necə uyğunlaşdırmalıdır? Yaxud, bu mövzuda material hazırlayarkən, milli maraqları necə ifadə etməlidir?

Cavab: Fikrimcə, bu kontekstdə bizim jurnalistlərimiz üçün xüsusi bir çətinlik yoxdur. Ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edən jurnalist humanist ideyaların, sülhün, demokratiyanın, sosial inkişafıın, insan hüquqlarının tərəfdarı kimi davranmalıdır. O, başqa xalqların fərdi xüsusiyyətlərinə, dilinə, ləhcəsinə, dininə, milli mədəniyyət nümunələrinə hörmətlə yanaşmalı, ayrıseçkiliyə yol verməməlidir. Belə davranış özlüyündə qanunsuz silahlanmanı, başqalarının torpağını zəbt etmək cəhdlərini, milli ayrı- seçkiliyə yönəlmiş mülahizələri inkar edir ki, bu da istər-istəməz bizim milli mənafeyimizə uyğundur. Yəni, Azərbaycan jurnalisti peşə prinsiplərinə sayqılı davranmaqla, həm də öz ölkəsinin milli maraqlarını müdafiə etmiş olur. Jurnalist öz fəaliyyətində milli vətənpərvərlik borcunu yerinə yetirməli, torpağının bütövlüyü, əmin-amanlığı, təbiəti, tarixi, mədəniyyət abidələrini, xalq əmlakının qorunması problemlərinin həlli yollarını işıqlandırmalıdır. Belə davranış jurnalistin peşə etikasının da başlıca tələbləridir.

Sual: Sülhyaratma prosesində iştirak edən jurnalist mövzu üzrə material hazırlayarkən hansı məqamlara diqqət yetirməlidirlər?

Cavab: Sülhyaratma prosesində jurnalistlərin üzərinə böyük vəzifə düşür. Bu zaman biz “sülh jurnalistikası” anlayışının ön plana çıxdığını görürük. Beynəlxalq təşkilatların əsas götürdükləri “sülh jurnalistikası”nın təcrübədən qaynaqlanan qaydaları aşağıdakılardan ibarətdir:

- Problem üzərində işləyərkən hadisədə yalnız iki tərəfin olmadığını, bir çox xarici faktorun da olduğunu vurğulamalıdır.

- “Biz və onlar” deyib ayrı-seçkilik aparmamalıdır. Bir tərəfi “yaxşı”, digər tərəfi “pis” kimi qiymətləndirməməlidir.

- Güc tətbiqetməni qızışdıran ifadələr istifadə edilməməlidir. Güc tətbiqetmənin törətdiyi zərər və yaratdığı problemləri gələcəyə ötürməkdən çəkinməlidir.

- Problemdən bəhs edərkən “qorxunc” kimi sözlərdən, güc tətbiqetmə haqqında müsbət fikir söyləməkdən çəkinmək lazımdır. Güc tətbiqetməni müdafiə etməyin zorakılığı daha çox artıracağını unutmamalıdır.

- Şəxs və ya qrupları günahlandırmaq əvəzinə, münaqişənin necə başladığını və fərqli qrupların bu məsələdəki məsuliyyətlərini vurğulamalıdır.

- Yalnız bir qrupun çəkdiyi ağrını, uğradığı haqsızlığı qabartmamalıdır. Tərəfləri “qurban” və “günahkar” kimi qruplara ayırmamalıdır. Bütün tərəflərə bərabər yanaşmalıdır.

- Xüsusilə “soyqırımı”, “faciə”, “sui-qəsd”, “qırğın” kimi mənfi çalarlı terminlərdən diqqətlə istifadə etməlidir.

- “Terrorist”, “ifratçı”, “fanatik”, “radikal” kimi ifadələr başqaları haqqında bizim verdiyimiz ön mühakimələrdir. Heç kim özünü belə təqdim etməz. Bu səbəbdən jurnalistin bunları istifadə etməsi onu tərəfkeşliyə sürükləyər. İnsanları daha çox özləri adlandırdığı şəkildə ifadə etmək lazımdır və sair.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihəçərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı