Alan da, verən də narazıdır - "Qara pullar" dövriyyədən çıxarılacaq?

Azərbaycanda 1, 3, 5 qəpiklərin dövriyyəsində problemlər mövcuddur. Müşahidələr göstərir ki, marketlərdə bir çox insan xüsusən qalıq kimi qaytarılan 1 və 3 qəpiyi götürməkdən imtina edir. Bu qəpiklərlə hər hansı məhsulun alınması mümkün olmadığı kimi, bu pulları ödəniş kimi qəbul etməyən mağaza və obyektlər də var. Bəs bu qəpiklər dövriyyədən çıxarılmalıdırmı?

Məsələni "Metbuat.az"a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda qiymət artımı və inflyasiya o qədər sürətli gedir ki, 1,3,5 qəpiklərə ehtiyac da azalır:

"Marketlərdə qalığın qaytarılması ilə bağlı da problemlər yaşanır. Nə qədər qəribə səslənsə də, bu qəpiklərin istehsalı pulun öz nominal dəyərindən baha başa gəlir. Məsələn, 1, 3 qəpikliklərin istehsalı üçün 1-3 qəpikdən daha çox vəsait tələb olunur.

Bəlkə də 5 qəpiklərin dövriyyədə saxlanılması doğru ola bilər, amma 1-3 qəpiklərin çıxarılması daha məntiqlidir. Çünki iqtisadi cəhətdən də sərf etmir. İqtisadi məntiqlə yanaşsaq, onların istehsalına xərclənən pula dəymir".

Natiq Cəfərli bildirir ki, bu problemlərin yaranmaması üçün nağdsız ödənişlərin artmasına ehtiyac var:

"Kağız pullarla bağlı belə bir problem hələki yoxdur. Kağız pullarda zaman-zaman pul nişanlarının yenilənməsini görürük. 10, 20 və 50 manatlıqlar artıq yenilənib, yeni dizaynla çap olunub.

Nağdsız ödənişlər də xeyli artıb. Bunda bir çox amillərin rolu oldu. Həm “ƏDV-ni geri al” proqramının təsiri oldu, həm də pandemiyanın təsiri oldu ki, daha çox kartla ödəniş etməyə başladıq. Ticarət dövriyyəsində kartla ödənişlər artıq 35-40 faizi ötüb. Bu da çox ciddi təsir göstərir, qəpiklə qalıqların qaytarılması problemi aradan qalxır".

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, bu qəpiklərin dövriyyədən çıxarılması nəzərdə tutulmur və qanunvericiliyə görə, bu qəpiklərdən ödəniş vasitəsi kimi istifadə edilə bilər:

"Heç bir iaşə və ya pərakəndə ticarət obyekti bu qəpiklərin ödəniş vasitəsi kimi istifadəsindən imtina etmək ixtiyarına sahib deyil. Ödənişi qəbul etməyən şəxslər isə qanunu pozmuş olurlar. İnsanlar da öz hüquqlarını bilməlidirlər ki, bu qəpikləri ödəniş vasitəsi kimi qəbul etmək satıcının borcudur. Burada heç bir problem olmalı deyil.

Qiymətlər o yerə gəlib çatıb ki, bu qəpiklərin istifadəsi mümkünsüz olub. Hazırda manat dollara və digər valyutalara nisbətdə kifayət qədər stabildir, ona görə də, bu qəpiklər qalmalıdır.

Dünyada olan bir trend var ki, azərbaycanlılar da həmin istiqamətdə gedirlər. Artıq insanlar daha çox kartla və ya onlayn ödənişlərə üstünlük verirlər. Bu, puldan istifadə xüsusiyyətlərini dəyişəcək. Ona görə də, ənənəvi nağd pulun əhəmiyyəti itir. Buna baxmayaraq, 1,3,5 qəpiklərin dövriyyədən çıxarılması nəzərdə tutulmayıb".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı