Sel suları Şəkidə yol infrastrukturuna ziyan vurub

Qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub. Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a bildirilib ki, Baş Göynük avtomobil yolunun 10-12-ci kilometrində sel suları ciddi fəsadlar törədib. Belə ki, həmin avtomobil yolunun 11-ci kilometrdə uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yolda təmizləmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı