Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.
Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin təşkilat çərçivəsində fövqəladə hallarla mübarizə üzrə əlaqələrin dərinləşməsinə təkan verəcəyinə əminliyini bildirib.
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması mexanizmlərinin daim təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edən nazir, bu kontekstdə TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsinin aktual əhəmiyyət kəsb etdiyini deyib. Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılmasının təşkilata üzv və müşahidəçi ölkələrdə fövqəladə hallarla mübarizənin daha etibarlı səviyyədə təşkil olunmasına şərait yaradacağı vurğulanıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, təşkilata üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının əhəmiyyətini vurğulayıb. Qonaq təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının qüvvələrinin iştirakı ilə uğurla keçirilmiş beynəlxalq təlimin türk ölkələri arasında fövqəladə hallarla mübarizədə birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanların müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinə əhəmiyyətli töhvə verəcəyinə əmin olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.