Rəqabət orqanı bazara giriş maneələrini araşdıracaq

Rəqabət qanunvericiliyinin pozulması haqqında müraciət edən şəxslər tərəfindən rəqabət orqanına hansı məlumatların təqdim olunacağı məlum olub.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, rəqabət qanunvericiliyinin pozulması haqqında müraciət edən şəxslər tərəfindən rəqabət orqanına aşağıdakılar təqdim olunur:

- yazılı, o cümlədən elektron formada müraciət;
- rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surətləri (olduğu halda);
- rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən əşya və materiallar (olduğu halda);
- xarici dillərdə olan sənədlərin Azərbaycan dilinə tam və dəqiq tərcümə olunmaqla notariat qaydasında təsdiq edilmiş əsli və ya surəti (olduğu halda).

Şikayət ərizəsi ilə müraciət edən hər bir şəxs qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. Təsərrüfat subyektləri rəqabət qanunvericiliyinin pozulması halının baş verdiyi müvafiq bazarda fəaliyyət göstərdiyi hallarda və şikayət etdikləri hərəkət onların maraqlarına birbaşa və ya dolayı yolla mənfi təsir edərsə, hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün rəqabət orqanına müraciət edə bilərlər. Təsərrüfat subyektlərinin birlikləri , yaxud istehlakçı birlikləri, pozuntunun birbaşa təsirinə məruz qalmadıqda belə, edilən davranış onların üzvlərinə birbaşa mənfi təsir göstərirsə, qanunla öz üzvlərini təmsil etmək səlahiyyətlərinə malikdirlər və onların hüquqlarının və qanuni maraqlarını müdafiə edə bilərlər.

Rəqabət qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət edilən bazar subyektləri barədə məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır.

Rəqabət orqanı 10 (on) iş günü müddətində daxil olan müraciətin araşdırılmasına başlanması və ya araşdırılmadan imtina edilməsi haqqında əsaslandırılmış qərar qəbul edir.

Müraciətin araşdırılmasından aşağıdakı hallarda imtina edilir:

- müraciətin predmeti rəqabət orqanının səlahiyyətlərinə aid olmadıqda;
- qanun pozuntusuna görə iddia və ya məsuliyyətə cəlb etmə müddəti bu Məcəllənin 82-ci maddəsinə əsasən bitdikdə;
- qanun pozuntusu halları üzrə cavabdehin müəyyənləşdirilməsi mümkün olmadıqda və ya cavabdeh ləğv edildikdə, yaxud mövcud olmadıqda;
- cavabdeh tərəfindən pozuntu hallarının könüllü surətdə aradan qaldırıldığı müəyyən edildikdə;
- müraciətin geri götürülməsi barədə müraciət edənin ərizəsi daxil olduqda.

Bu Məcəllədə nəzərdə tutulan əsaslarla müraciətin araşdırılmasından imtina edilsə belə, digər bazar subyektlərinə münasibətdə rəqabətin məhdudlaşdırılması halı müəyyən edildikdə, bu rəqabət orqanı tərəfindən araşdırmaya başlanılması üçün əsasdır.

Sazişlər və ya təmərküzləşmələrlə bağlı araşdırmalar apararkən rəqabət orqanı bazarın ümumi şərtlərinin və iqtisadi göstəricilərinin vəziyyəti ilə bağlı müvafiq bazarda rəqabətin məhdudlaşdırılmasına əsaslı şübhələr və ya rəqabət qanunvericiliyinin pozulması əlamətləri olduğunu müəyyən etdikdə, bu Məcəlləyə uyğun olaraq bütün zəruri məlumatları tələb edir və ya plandankənar yoxlama aparır.

Rəqabət orqanı bu Məcəllədə qeyd edilən hallarda müvafiq bazara giriş maneələrini, təmərküzləşmənin səviyyəsini, müvafiq sahədə rəqabətin dinamikasını, təmərküzləşmələrin bazara təsirlərini, yaxud rəqabətə tənzimləyici təsirlərini və müvafiq sektorda rəqabət aparılmasının digər şərtlərini araşdırır.

Daxil olan müraciətin araşdırılmasına başlanılması ilə bağlı 3 (üç) iş günü müddətində müraciət edən şəxslərə məlumat verilir.
Araşdırma rəqabət orqanının qərarının qəbul edildiyi tarixdən sonrakı 30 (otuz) iş günü müddətində həyata keçirilir. Əlavə müddət tələb olunduğu hallarda rəqabət orqanının əsaslandırılmış qərarı əsasında araşdırmanın müddəti 30 (otuz) iş gününədək uzadılır.

Rəqabət orqanı araşdırmanın aparılması üçün əldə edilmiş məlumatların kifayət etmədiyini müəyyən etdikdə, müraciət edən şəxsdən bu Məcəllədə qeyd edilmiş müddətdə əlavə məlumatlar və təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir. Bu Məcəlləyə əsasən təyin edilmiş müddət müraciət edən şəxsin əsaslandırılmış müraciəti ilə uzadıla bilər.

Bu Məcəlləyə əsasən müəyyən edilmiş müddət ərzində müraciət edən şəxs tərəfindən əlavə məlumatlar və təsdiqedici sənədlər təqdim edilmədikdə, rəqabət orqanı araşdırmaya xitam verilməsi haqqında qərar qəbul edir və 3 (üç) iş günü müddətində müraciət edən şəxsə göndərir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra müraciət edən şəxsin təqdim etdiyi əlavə məlumatlara və təsdiqedici sənədlərə rəqabət orqanı tərəfindən baxılmır.

Müəyyən edilmiş müddət başa çatdıqdan sonra müraciət edən şəxs rəqabət orqanına yenidən ərizə ilə müraciət edə bilər.
Araşdırmanın nəticələri barədə müraciət edən şəxsə 3 (üç) iş günü müddətində məlumat təqdim olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı