600 bal yığanlara 6 manatlıq saat verilib? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü zamanı onlara verdiyi hədiyyədir. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, icra başçısının təqdim etdiyi hədiyyə saatının qiyməti 5 manat 80 qəpikdir. Təbii ki, bu da sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına və iradına səbəb olub.

Metbuat.az bildirir ki, İcra hakimiyyətinin şöbə müdiri Məhəmməd Bayramov Bizim.Media-ya danışıb. O açıqlamasında bildirdi ki, hədiyyənin qiymətinin önəmi yoxdur:

“Hədiyyə hədiyyədir. Lakin, hədiyyənin qiyməti barədə məndə dəqiq məlumat yoxdur. Yaxşı olar ki, başçının köməkçisi ilə əlaqə saxlayasınız”.

Biz bu dəfə İcra başçısının köməkçisi Vüqar Umudovla əlaqə saxladıq. O isə məsələ ilə bağlı danışmaq istəmədi:

“Mən xəstəxandayam, danışa bilmirəm. İndi mən Məhəmməd Bayramova deyirəm, o sizə zəng edib ətraflı məlumat verəcək”.

Bundan sonra biz Məhəmməd Bayramovun zəngini gözlədik. Zəng gəlməyincə biz onunla əlaqə yaratmağa cəhd etdik. Lakin, şöbə müdiri telefon zənglərimizə cavab vermədi. Beləcə, məsələ barədə İcra Hakimiyyətindən dəqiq informasiya ala bilmədik.

Lakin, İcra başçısının köməkçisinin və şöbə müdirinin faktı inkar etməməsi yayılan xəbərin doğruluğuna işarədir.

Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə qəbul olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR