Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir.
Metbuat.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına töhfə verən əsas məsələlərdəndir. Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, dövlət müəssisələrində yaradılan müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsi yeni idarəetmə metodunun üstünlüklərindəndir. Müşahidə şuraları vasitəsilə məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətində iqtisadi dividendlərin artmasına, o cümlədən, zərərdən mənfəətə keçirilməsinə, intizamlı xərc siyasətinin tətbiqinə, yeni gəlir mənbələrinin yaradılmasına, büdcə dotasiyalarının minimallaşdırılmasına, şirkətlərin büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməsinə əsaslı zəmin yaradıb.
Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir, xarici investorların ölkəmizə marağını artırır. Eyni zamanda, ölkə vətəndaşlarının iqtisadi inkişafdan tədricən daha çox bəhrələnməsi imkanları artır.
İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır. Bu baxımdan, dövlət başçısının 31 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı xüsusilə önəmlidir. Sənədə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub.
Sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib. Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq. Bununla yanaşı, Sərəncam dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirmək məqsədi daşıyır.
Sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq. Təkliflər dövlət müəssisələrinin restrukturlaşması və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılması, dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, onların özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.
Ümumilikdə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcəkdir.