Azərbaycanda bu yutub kanalına qadağa qoyuldu - SƏBƏB

Nərimanov Rayon Məhkəməsinin yutub kanallarından birinə qarşı məhdudlaşdırma qərarı çıxarması barədə məlumatlar yayılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə edilmiş paylaşımlarda məsələnin əsl mahiyyətinin nədən ibarət olduğu bildirilməyib.

Əldə etdiyimiz məlumata görə, söhbət “Hürriyyət” qəzetinin eyniadlı yutub kanalından gedir. Kanala girişin məhdudlaşdırılması ilə bağlı Baş Prokurorluq məhhkəməyə ərizə ilə müraciət edib.

Mülki qaydada edilmiş müraciətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxs qismində tanınıb. Prokurorluq müraciətini onunla əsaslandırıb ki, “Hurriyet TV” kanalında yayılması qanunla qadağan edilən informasiyalar yayılıb.

"İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-2.3.11-cü maddəsinə əsasən də qanunla yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Bu cür hallar müəyyən edildikdə isə müvafiq icra orqanı qanuna uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Bu yaxınlarda sözügedən qanunu pozduğuna görə “Hürriyyət qəzeti Redaksiyası” MMC-nin baş redaktoru Vüqar Məmmədov inzibati məsuliyyətə cəlb edilib.

Ərizəyə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-20-ci, 355-21-ci 355-22-ci maddələri rəhbər tutulmaqla Baş Prokurorluğun ərizəsi təmin edilməlidir. Qərara əsasən “Hurriyet TV” yutub kanalına giriş məhdudlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı