Maaş və pensiyalarda artım hansı tarixdə olacaq? - AÇIQLAMA

Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd etmişdi ki, 2023-cü il üçün orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağı proqnozlaşdırılır.

Son bir neçə ay ərzində dünya bazarında Azərbaycan neftinin qiymətində də proqnozlaşdırılandan artıq yüksəlişin qeydə alınması müşahidə edilir. Bəs dünya birjalarında qiymətin yüksəlməsi, artan valyuta gəlirləri 2024-cü ildə əmək haqqı və pensiyalarda gözlənilən artımlara necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda ilin ilk yarısında büdcənin profisitinin təqribən 1,5 milyard manata yaxın olduğunu xatırladaraq bildirdi ki, sosial müavinət və maaşların artırılmasına imkan olsa da, il sonu yaxınlaşdığından 2023-cü ilin sonuna qədər hansısa maaş, təqaüd artımının olması ehtimalı çox aşağıdır:

“2024-cü il üçün büdcə müzakirələri başlayarkən belə bir addımın atılması mümkündür. Çünki ölkədə ciddi inflyasiya var. Rəsmi rəqəmlərə görə, 12 faizlik qiymət artımı var. Bu inflyasiyanı həm təqaüdçülər, həm maaş alanlar üçün kompensasiya etmək lazımdır. Ona görə də, büdcə müzakirələri zamanı bu məsələyə baxıla bilər. Amma əgər bu məsələ büdcə müzakirələri zamanı gündəmə gəlməsə belə, Prezidentin fərmanı ilə çox güman ki, yanvarın əvvəlindən maaş və təqaüdlərdə müəyyən artım nəzərdə tutulacaq. Qənaətimə görə, inflyasiyanın müəyyən hissəsi, heç olmasa 10-15 faizlik hissəsinin kompensasiya olunması üçün maaş və təqaüd artımı gözləniləndir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov Metbuat.az-a bildirdi ki, hazırda orta aylıq əmək haqqı 925 manatdan artıqdır və bu artım tempi ilin sonuna qədər qorunub saxlanılacaq. Millət vəkili 2023-cü ildə orta aylıq əmək haqqında 11 faizdən çox artım qeydə alındığını ifadə edərək vurğuladı ki, orta aylıq əmək haqqının 1000 manata çatması hədəf sayılır:

Bunu tez anlamaq İrəvanın özü üçün lazımdır -

“Bu hədəfin yaxın zamanda reallaşması imkanları var. Çünki orta aylıq əmək haqqının 900 manatdan artıq olması bizə imkan verir ki, növbəti dövrlərdə orta aylıq əmək haqqının 1000 manata çatmasını müşahidə edək. Ölkədə əmək haqqı və pensiyalarda artımlar ümumi sosial siyasətin əsas prioritetlərindən sayılır.

Biz 2023-cü ildə həm minimum əmək haqqında, həm də bir sıra sektorlarda çalışanlar vətəndaşlarımızın əmək haqlarında da artımların edildiyini müşahidə etdik. 2024-cü ildə də sosial müdafiə tədbirlərinin gücləndirilməsi siyasətinin davam edəcəyi gözlənilir. Bütövlükdə sosial təminat Azərbaycanda iqtisadi siyasətin əsas hədəfi olaraq qalmaqdadır və növbəti dövrlərdə də bu prioritet qorunub saxlanılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı