Bakı, 4 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) may ayında əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilmiş ümumilikdə 1572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aşkar olunan hüquq pozuntularının işəgötürənlər tərəfindən aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilib. Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83 faizi (191 min 121 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 42 min 997 manat və ya 29,02 faiz çoxdur.
Ümumilikdə cari ilin 5 ayında vətəndaşların əmək hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması məqsədilə DƏMX tərəfindən həyata keçirilən təsirli tədbirlər ölkədə iş yerlərinin və məşğul əhalinin mütəmadi artımı şəraitində əmək qanunvericiliyinin pozulması hallarının getdikcə azalmasına şərait yaradıb.