Həbsdə olan general dövlətə bu qədər zərər vurub - MƏBLƏĞ

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirzəzadə müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib.

O bildirib ki, iş üzrə generalın dövlət büdcəsinə vurduğu 18 milyon manat zərərdən 12 milyon manatı yaxınları və qohumları tərəfindən ödənilib:

"Bizim məqsədimiz zərərin tam olaraq ödənilməsi istiqamətində işlərin görülməsidir. Nizami Məmmədov barəsində ibtidai istintaq başa çatıb, onun şahidlərə, zərərçəkənə təsir etmək kimi bir fikri yoxdur. Azadlıqda olsa zərərin ödənilməsi təmin olunacaq".

Digər təqsirləndirilən şəxslərin də müdafiəçiləri müvəkkilləri ilə bağlı seçilən qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər.

Dövlət ittihamçısı Fuad Musayev hazırkı vaxtda təqsirləndirilən şəxslərlə bağlı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hər hansı bir əsasın olmadığını və vəsatətin təmin edilməməsini məhkəməyə təklif edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.

Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Cinayət işi üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.

İbtidai istintaq zamanı iş üzrə dəymiş zərərin 40 milyon manatı ödənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı