Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən Metbuat.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək hər kəsi salamlayıb, AzMİU professor-müəllim heyətini, tələbələri ilk dərs günü münasibəti ilə təbrik edib, onlara təhsil həyatında uğurlar diləyib. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” ifadəsini sitat gətirən rektor dövlətimizin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlardan danışıb.
Rektor qeyd edib ki, 2023/2024-cü tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavriat səviyyəsinə 27 ixtisas üzrə 2350 nəfər abituriyent qəbul olub ki, onlardan 2344 nəfəri birinci turdan, 6 nəfəri ikinci turda qeydiyyatdan keçərək tələbə adını qazanıb. Yeni qəbul olanların 49% dövlət sifarişli, 51%-i ödənişli əsaslarla təhsil alacaq. Rektor çıxışı zamanı AzMİU-nun tələbəsi adını qazananlar arasında ölkəmizin bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərimizin ailə üzvlərinin də olduğunu deyib.
Rektorun geniş və əhatəli çıxışından sonra Vətən Müharibəsi şəhidi Elşən İbrahimovun atası Cahangir İbrahimov çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə tələbə və müəllimləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, pilot şəhid, polkovnik Zaur Nudirəliyevin övladı Ömər Nudirəliyevə, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Nail Orucovun oğlu Əlihəsən Orucova, şəhid qardaşları Ruslan İbrahimov, Zülfüqar Şirinova və şəhid bacısı Suma Məmmədovaya, həmçinin universitetə yüksək balla daxil olan gənclərə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olunub.
Qeyd edək ki, bu il universitetə qəbul olan abituriyentlərin orta keçid ballarında da artım müşahidə olunub. Bundan əlavə, bu il memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı, informasiya texnologiyaları, kommunikasiya sistemləri mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, menecment ixtisaslarına qəbul olan yüksək ballı abituriyentlər də üstünlük təşkil edib.
AzMİU-ya bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 339 nəfəri subbakalavrdır. Subbakalavrların əksəriyyəti isə universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin məzunlarıdır. Ümumilikdə 149 nəfər abituriyent qiyabi təhsili seçib. Onlardan 104 nəfəri subbakalavrdır.
AzMİU-nun magistratura pilləsində də 26 ixtisaslaşma üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 727 bakalavr magistr adını qazanıb. Onlardan 300 nəfəri dövlət sifarişi, 427 nəfər ödənişli əsaslarla təhsil alacaq.