Sabiq baş nazir Novruz Məmmədov qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Metbuat.az "News24.az"a istinadən xəbər verir ki, o, RTV-yə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Sabiq baş nazir bildirib ki, vəzifədə olduğu vaxt onun qarşısında diz çökənlər belə olub:
"Mən vəzifədə olanlarla heç vaxt dostluq etmək istəməmişəm, amma baş nazir olduqdan sonra mənimlə bu münasibəti qurmaq istəyənlər çox olub. Hətta gəlib qarşımda diz çökənlər də olmuşdu, bu dəqiqə də onların arasında adminstrasiyada oturanlar var, özü də hansı ifadələrlə, hansı sözlərlə yanıma gəlmişdilərsə, onu bir mən bilirəm. İndi də mənimlə bəzən əlaqə saxlayırlar. Hazırki baş nazirlədə əlaqələrim yaxşıdır, bayramlarda yazıb məni təbrik edir, həmkar kimi əvvəldən də münasibətimiz yaxşı idi.
Vəzifədə olduğum dövrdə xahişlər üçün yanıma gəlirdilər, iclaslar keçirirdik. Amma şəxsi xahişlər çox olmurdu, belələrini heç yaxınıma qoymurdum, onlara demişdim ki, siz bura gəlməyin".
O, vəzifəyə gəldikdən sonra bəzi işçiləri işdən çıxardığını da açıqlayıb:
"O vaxt Nazirlər Kabinetində xahişləri yerinə yetirənlər var idi, hətta bunu pul qarşılığında edənlər də vardı. Bu adamları işdən çıxartmışdım. Əvvəldən bilirdim, vəzifəyə gələndə də çağırdım, özünə bunları dedim, bildirdim ki, ya öz ərizəni yaz get, ya da mən səni çıxaracağam. Öz ərizəsini yazıb çıxdı. Həmin şəxs bütün nazirlərə aylıq haqq qoymuşdu ki, mənə filan qədər verməlisən".