Yevlax görüşünün detalları: "Sülh müqaviləsinin imzalanması mütləqdir" -TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın İ24 telekanalına müsahibə verib. O nun sözlərinə görə, Azərbaycan tərəfi güman edir ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən sonra, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra, bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək.

Mövzu barədə fikirlərini Metbuat.az-a bildirən siyasi şərhçi Turab Rzayev hesab edir ki, məcbur olduqlarına görə danışıqlara razılıq verən separatçıların bundan sonra necə davranacağı sual altında olacaq:

“Onlar bundan öncə təşkil edilən müzakirələrə razılıq verməməklə bərabər dəfələrlə Azərbaycanın tərki-silah olunmaq təkliflərini rədd edərək döyüşü davam etdirəcəkləri qeyd edirdilər. Bu təkliflər arasında kommunikasiyaların, hətta Ağdam-Xankəndi yolun açılmasıda var idi. Ermənistan hakimiyyəti də belə ordusunun olmadığını bildirməklə bərabər heç bir silahlı birləşmələri çıxartmayacağını bildirirdi.

Düşünürəm ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax görüşündə iştirak etməklərində məqsəd vaxt qazanmaqdır. Onlar silahlarını təhvil verməyi gecikdirə, inteqrasiya ilə bağlı məsələləri manipulyasiya edə bilərlər. Ola bilsin ki, Ağdam-Xankəndi yolunun açılması məsələsi də yenə uzadılsın. Düşünürəm ki, istənilən halda separatçılar müəyyən spekulyasiyalara əl atmağa çalışacaqlar. Azərbaycan bu məsələdə ehtiyatlı olmalıdır. Rəsmi Bakı heç bir halda buna icazə verməyəcəyini kəskin şəkildə bildirməlidir”.

Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlərin Yevlaxda razılaşmanın əldə edilməsinə, yerinə yetirilməsinə əngəl yaradacağını qeyd edən politoloq Elxan Şahinoğlu deyir ki, Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edir:

“Məqsədləri vaxt qazanmaqdır ki, bu müddətdə Azərbaycana beynəlxalq təzyiq artsın, BMT və digər strukturlar Azərbaycana qarşı müzakirələrə başlasınlar. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, Ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürətli artırmalıdır”.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin əldə edilməsi çox vacib olduğunu ifadə edən politoloq Tural İsmayılov Metbuat.az-a vurğuladı ki, hətta 30 il ərzində də torpaqlarımızın işğalı dövründə də Ermənistana sülhlə bağlı bütün çağırışlarımızı etmişik:

“Ermənistan baş naziri Nikol Paşinyan xarici güc faktorlarının əlində oyuncaq olduğuna görə Azərbaycanın sülhlə bağlı səmimi çağırışlarını sabotaj edib. Azərbaycan yalnız sözdə deyil, əməldə də Ermənistanla sülh prosesində maraqlıdır və bu prossesin ən qısa və rahat bir formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları da nümayiş etdirməyə hazırdır. Cənubi Qafqaz regionunda bütün gərginliyin aradan qalxması üçün Azərbaycan və Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı