“Azərbaycanın qırmızı cizgiləri hamı üçün bəllidir” - AÇIQLAMA

“Hazırda silahı yerə qoymayan, müqavimət göstərən qrupların olması təhlükəsizlik üçün böyük təhdid formalaşdırır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq vurğuladı ki, bu vəziyyət regionda sabitliyin əldə olunmasına qarşı əsas əngəldir:

“Lakin Azərbaycan tərəfi ümumiyyətlə, itkisiz bütün bu prosesi yekunlaşdırmaq istəyir və reinteqrasiya ilə bağlı layihələr, proqramlar həll olunmalıdır. Artıq humanitar təyinatlı yüklər Ağdam-Xankəndi yolu vasitəsilə öz hədəfinə - Xankəndiyə çatmışdır. Prezident İlham Əliyev də bir neçə ay öncə çıxışında bildirmişdir ki, kim silahı yerə qoyacaqsa, kim ki, Azərbaycan Konstitusiyasına, qanunvericiliyinə tabe olacaqsa, onların amnistiyası məsələsinə baxıla bilər. Ümumiyyətlə, regionu tərk etmək üçün dəhliz verilə bilər və digər müvafiq tədbirlərin həyata keçirilməsi mümkündür”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Hazırkı vəziyyətdə konstitusiya quruluşumuza hörmət və tərəfdar çıxmağın ən önəmli prioritet olduğunu deyən politoloq qeyd etdi ki, Azərbaycanın bu gün əsas istəyi təhlükəsizliyin, sabitliyin və sülhün qorunması istiqamətindədir.

“Düşünürəm ki, bu ümdə vəzifənin öhdəsindən gəlmək mümkün olacaqdır. Çünki Azərbaycan bütün ölkə ərazisində konstitusiya quruluşunun bərqərar olunması işini həyata keçirir. Bu gün gündəlikdə Yevlaxda keçirilən mühüm görüşün nəticələrinin implementasiyası var. Müxtəlif güc mərkəzlərindən ölkəmizə qarşı basqıları gözləmək, müzakirələri keçirmək, iclasları çağırmaq da bir nəticə verməyəcəkdir.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünya ictimaiyyətinin Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı şübhəli yanaşma halları mümkün deyil. Azərbaycanın prinsipiallığı, siyasi iradəsi və qırmızı cizgilərimiz hamı üçün bəllidir. Heç bir güc mərkəzi Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz. Azərbaycan öz prinsipial siyasi xəttini davam etdirəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı