Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində hansı ittihamın irəli sürüləcəyi və hüquqi baxımdan necə cəzalandırılacağı ilə bağlı Metbuat.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycan cinayət qanunvericiliyinə əsasən, ölkə ərazisində cinayət törətmiş şəxs Azərbaycan cinayət qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb olunur:


“Ruben Vardanyan fəaliyyətinin bütün dövrlərində, istər Moskvada, istər Ermənistanda, istərsə də qanunsuz məskunlaşdığı Qarabağ iqtisadi rayonunda Azərbaycan dövləti əleyhinə, Azərbaycan dövlətinin maraqlarına qarşı davamlı şəkildə cinayətlər törədib. O sonuncu dəfə Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikası"nın "dövlət naziri" vəzifəsində çalışmış və fəaliyyəti dövründə Azərbaycan dövlətinə qarşı çoxsaylı siyasi, hərbi təxribatların əsas ideoluqu kimi çıxış etmişdir. Qeyd edim ki, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycanın vətəndaşlarına və Azərbaycan Respublikasının maraqlarına, mənafelərinə qarşı cinayət törətdikləri halda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda yenə də Azərbaycan qanunvericiliyi əsasında cinayət məsuliyyətinə cəlb edilir. Ruben Vardanyan həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda davamlı şəkildə Azərbaycanın vətəndaşlarına və Azərbaycan dövlətinin mənafelərinə, maraqlarına qarşı çoxsaylı cinayətlər törədib. Onun yaxalanması və cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibi başlanması Azərbaycan hüquq-mühafizə orqanlarının qarşısında vəzifələrdən biri idi. Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşəkarlığı və sayıqlığı sayəsində artıq Vardanyan Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan sonra həyata keçiriləcək cinayət təqibi və cəza tədbirləri Azərbaycan cinayət təqibi orqanlarının səlahiyyətində olan məsələdir”.

Rəsmi Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib. Bu barədə danışan Kremlin sözçücü Dmitri Peskov Vardanyanın həbsindən məlumatsız olduğunu, amma bununla belə onun Rusiya vətəndaşlığı varsa, o zaman hüquqlarının qorunacağını deyib.

Məsələni izah edən millət vəkili Bəhruz Məhərrəmov xatırlatdı ki, Vardanyan haqqında yayılan sənədlərdən də aydın olur ki, o 2022-ci ilin sonundan Rusiya vətəndaşı deyil:

“Ruben Vardanyan Azərbaycan dövləti və xalqına qarşı cinayətlər törətdiyi üçün Azərbaycanda hüququn aliliyi, qanunçuluq, ədalət və humanizm prinsipləri rəhbər tutularaq cəzalandırılacaq.

Xatırlayırsınızsa, sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən bəyan etmişdi ki, "biz erməni xalqını 30 il ərzində davam edən çoxsaylı cinayətlərə görə, o cümlədən Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, qəbirlərimizin dağıdılmasında günahlandırmırıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham edirik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik”.

Ruben Vardanyan da məhz bu canilərdən biridir. Möhtərəm cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanı hədəfə alanlar Azərbaycana qarşı düşmənçilik fəaliyyəti törədənlər, xüsusən 30 il ərzində separatçı rejim qurub Azərbaycanın Konstitusiya quruluşuna, Azərbaycanın dövlət hakimiyyətinə qarşı açıq düşmənçilik edən, dövlətimizi daxildən parçalamaq istəyən ünsürlərin hər biri layiqli cəzalarına çatmaqdadırlar. Vardanyan isə son deyil, növbədə kriminal rejimin digər ünsürləri də var”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı