Avropa Komissiyasının vitse-prezidenti: “Rusiyanın təbii qazı Türkiyə vasitəsilə nəql etmək qərarı mövcud müqavilələrə ziddir”

Avropa Komissiyasının vitse-prezidenti: “Rusiyanın təbii qazı Türkiyə vasitəsilə nəql etmək qərarı mövcud müqavilələrə ziddir”
16:32 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 16:30 ]

Maroş Şevçeviç: “Fevralda Enerji İttifaqı strategiyasının konsepsiyasını Avropa İttifaqı liderlərinə təqdim edəcəyik”

Bakı – APA. Avropa İttifaqı Rusiyanın “Cənub axını”nın əvəzinə Türkiyəyə birlikdə həyata keçirməyi təklif etdiyi “Türk axını” layihəsinə mənfi yanaşdığını açıqlayıb. APA-nın xəbərinə görə, bu mövqeni Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç RBK-ya müsahibəsində ifadə edib.

 

Ötən həftə Rusiyaya səfər etmiş M. Şevçoviç bildirib ki, belə ciddi qərarları elan etməzdən əvvəl onu müzakirə etmək lazımdır: “Xüsusən bu məsələ Avropa İttifaqı ilə müzakirə olunmalıdır, çünki biz “Qazprom” üçün çox önəmli istehlakçıyıq. Biz dünyada iri enerji idxalatçısıyıq və bu məqsədlə ildə 400 milyard avro pul ödəyirik. Biz yaxşı alıcıyıq, ödənişi vaxtında və möhkəm valyuta ilə həyata keçiririk, müqavilənin şərtlərinə həmişə əməl edirik. Ona görə də mən çox təəccübləndim. Biz hələ bu qərarı təhlil etməliyik, lakin mən düşünürəm ki, qərar mövcud müqavilələrə ziddir. Həmin müqavilələrdə dəqiq göstərilib ki, qaz hara çatdırılmalıdır. Həmin yer Türkiyə ilə Yunanıstanın sərhədi deyil”.

 

M. Şevçoviç “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və Rusiya baş nazirinin müavini ilə görüşlərində onlara belə məsələlərin həllində rasional və praktik olmağı məsləhət gördüyünü söyləyib: “Ona görə ki, Türkiyəyə 14-15 milyard kubmetr, Cənub-Şərqi Avropaya isə 10-15 milyard qaz tələb olunur. Qalan həcmi nə edəcəklər? Ukraynanı tam istisna etmək düşünmürəm ki, yaxşı, ədalətli və iqtisadi cəhətdən məqsədəuyğundur”.

 

Müxbirin “Cənubi-Şərqi Avropa ölkələri “Cənub axını”ndan ildə 63 milyard kubmetr qaz almağa hazır idilər və Millerin bəyanatını məhz bununla izah etmək olar” sözlərinə M. Şevçoviç belə cavab verib:

 

“Doğrudur, lakin “Cənub axını” illərlə müzakirə olunub və qazın necə istifadə olunacağına dair planlar hazırlanıb. Təəssüf ki, biz “Qazprom”u inandıra bilmədik ki, o, Aİ-nin qanunlarına (üçüncü enerji paketi) əməl etməlidir, necə ki, istənilən enerji şirkəti Rusiyada bu ölkənin qanunlarına uyğun fəaliyyət göstərməlidir. Dekabr ayında mən “Cənub axını” layihəsinin iştirakçısı olan ölkələrin enerji nazirləri ilə görüşdüm. Onlar təəccüblənmişdilər, çünki layihənin dayandırılması haqda hər hansı rəsmi məlumat almamışdılar”.

 

“Belə çıxır ki, Avropa “Qazprom”un israr etdiyi kimi, Türkiyə-Yunanıstan sərhədində qazpaylayıcı infrastruktur yaratmağa hazırlaşmır” sualını cavablandıran M. Şevçoviç bu məsələdən yeni xəbər tutduqlarını vurğulayıb:

 

“Biz Cənub-Şərqi Avropa ölkələri ilə yüksək səviyyəli görüş keçirərək region üçün enerji baş planı işləyib hazırlamağı planlaşdırırıq. Biz qaz kəmərləri-interkonnektorlarının tikintisini, Bolqarıstanın qazpaylayıcı mərkəz (xab) inşa etmək arzusunu, planlaşdırılan bütün infrastruktur layihələrinin hansılarının prioritet olduğunu sıralamaq, bu ölkələrin Avropa qaz sisteminə inteqrasiyasını təmin etmək barədə müzakirələr aparacağıq. Əlbəttə ki, biz Azərbaycandan qazın Türkiyə vasitəsilə Yunanıstana və daha sonra şimala nəqlini nəzərdə tutan “Cənub qaz dəhlizi”nə də ümid edirik”.            

 
“Yəni ki, “Türk axını” “Cənub qaz dəhlizi”nin tərkib hissəsi ola bilər?” sualına M. Şevçoviçin cavabı belə olub: 

 

“Açıq deyim ki, mən qazın Ukrayna vasitəsilə deyil, Türkiyə ərazisindən nəqlini həyata keçirmək üçün sualtı boru kəmərinin tikiləcəyini Moskvada öyrəndim. O, “Türk axını” adlanacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər gedəcək. Mən Türkiyənin bu məsələ barədə mövqeyini, eləcə də operatorun mövqeyini bilmirəm”.  

 

“Qazprom”un 60 milyard kubmetr qazı Avropaya deyil, digər alıcılara sata biləcəyi barədə Millerin xəbərdarlığını həyata keçirəcəyi halda Aİ-nin bu itkinin yerini doldurmağa nail olub-olmayacağı haqda suala M. Şevçoviçin cavabı belə olub:  
 

“Əlbəttə. Bu, bizim dayanıqlı enerji ittifaqı qurmağa başlamağımızın səbəblərindən biridir. Təəssüf ki, bu bəyanat Aİ-də bir çoxlarını başqa variantları nəzərdən keçirməyə sövq edəcək. Biz Aralıq dənizində qazpaylayıcı mərkəzlər inşa edirik, sıxılmış qaz terminallarının yaradılmasını müzakirə edirik. Aralıq dənizinin şərqində İsrail və Kiprlə yanaşı, yeni qaz ehtiyatları kəşf olunub, Rumıniya Qara dənizdə kəşfiyyat qazması aparır. Eyni zamanda biz enerji effektivliyi proqramları vasitəsilə enerjiyə qənaət etməyə və bərpa olunan enerji mənbələrindən istifadə etməyə çalışırıq. Biz fevralda Enerji İttifaqı strategiyasının konsepsiyasını təqdim edəcəyik və dövlət başçıları mart ayında onu müzakirəyə çıxarıb qəbul edəcəklər. Bu konsepsiyaya infrastruktur layihələri və Avropanı birləşdirən qaz kəmərləri layihələrinin maliyyələşdirilməsi daxildir”.   

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR