Erməni Silahlı Qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalıdırmı? - Sorğu

Sosial Tədqiqatlar Mərkəzi (STM) “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalıdırmı?” mövzusunda sorğu keçirib.

STM-dən Metbuat.az-a verilən xəbərə görə, Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması Qarabağ bölgəsinə nəzarətini təmin etməklə yanaşı, son 35 il ərzində Azərbaycana qarşı müharibə cinayətləri törədənlərin həbsinə də imkan yaradıb. Bu ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin davam edən hərbi təxribat və terror hücumlarının qarşısının alınması, mülki insanların və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə başlatdığı antiterror tədbirləri erməni terrorçuların həbsi prosesini sürətləndirib.

Ötən dövr ərzində ermənilər tərəfindən beynəlxalq konvensiyaların tələblərinə, norma və prinsiplərinə zidd olmaqla Azərbaycan ərazisində yerli əhaliyə qarşı soyqırım və digər terrorçuluq cinayətləri, insanlıq əleyhinə cinayətlər, əhalinin məskunlaşdığı yerlərdən məcburi didərgin salınması, əsirlərə, girovlara qarşı amansız işgəncələr, mülki obyektlərə zərər vurulması, ərazilərin minalanması, maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması, dağıdılması faktları və sübutları üzrə Azərbaycanın hüquq-mühafizə və güc strukturları tərəfindən cinayət işləri açılaraq terror əməllərini törədənlər barəsində axtarış elan edilib.

Oktyabr ayının 1-i Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, sitat: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Həmçinin prokurorluq nümayəndələrinin ötən ilə dair məlumatlarında qeyd olunur ki, Azərbaycan Respublikası Prokurorluğunun mərkəzi struktur qurumlarında Ermənistan Respublikasının törətdiyi cinayətlərlə bağlı 1200-ə yaxın cinayət işi istintaq olunmuş və 360 şəxs sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, şəxsiyyət əleyhinə, ictimai-təhlükəsizlik əleyhinə cinayətlər törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbsli axtarışa verilmişdir.

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, bu istiqamətdə vətəndaşların mövqeyini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalı, yoxsa onlar cinayət məsuliyyətinə cəlb edilməlidir?” sualına münasibətdə, respondentlərin 5.9%-i amnistiyanın tərəfdarı olduğunu, 90.7%-i onların cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib. Sorğu iştirakçılarının 3.4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Nəticələri respondentlərin sosial-demoqrafik məlumatlarına görə nəzərdən keçirdikdə, kişilərin 88.1%-i, qadınların 93.3%-i cinayət məsuliyyətinə cəlb olunmasını zəruri hesab edib. Həmçinin bu mövqe respondentlərin aid olduğu yaş qrupundan asılı olmayaraq, onların mütləq əksəriyyəti tərəfindən ifadə olunub. Sorğu iştirakçıları arasında orta təhsillilərin 94.8%-i, ali təhsillilərin 86.0%-i bu mövqedən çıxış edib.

Xatırladaq ki, ötən dövr ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətini maliyyələşdirən, qondarma rejimin “dövlət naziri” kimi çalışmış Ruben Vardanyan, “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan, Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan, Gəncə şəhərində mülki əhalinin hədəfə alan Davit Babayan, Meşəli kəndində dinc əhaliyə terror əməlləri törədənlərdən Vaqif Xaçatryan, azərbaycanlı əsirlərə qarşı amansız işgəncələr verməkdə ittiham olunan Lüdvik Mkrtiçyan, Alyoşa Xosrovyan və digərləri barəsində cinayət işi açılaraq həbs olunub.

Metodologiya

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı