Ordubadda tikintidə faciəvi ölümə görə cinayət işi başlandı

Naxçıvanda iaşə obyektinin tikintisi zamanı şəxsin ölməsi ilə bağlı cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.

Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR