YAP nümayəndə heyəti AK Partinin IV Fövqəladə Böyük Qurultayında iştirak edib

Oktyabrın 7-də Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın Sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) IV Fövqəladə Böyük Qurultayı keçirilib.

Metbuat.az xəbər verir ki, "Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli" şüarı ilə keçirilən qurultayda 27 ölkənin siyasi partiyalarının nümayəndələri, bir sıra dövlət və hökumət rəhbərləri, diplomatlar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Qurultayda Azərbaycanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyə xalqının rifahının yüksəldilməsi, iqtisadi inkişafın təmin olunması, terrorizmə qarşı mübarizə kimi məsələlərə diqqəti yönəldib, verilən bütün vədlərin yerinə yetiriləcəyini vurğulayıb. O, qardaş ölkənin qazandığı nailiyyətlərdən, "Türkiyə yüz ili" proqramı çərçivəsində qarşıda duran hədəflərdən, istər daxili, istərsə də xarici siyasət sahəsində reallaşdırılması nəzərdə tutulan planlardan ətraflı bəhs edib və perspektivə dair önəmli mesajlar verib.

Qurultayın həm Türkiyə Respublikası, həm də AK Parti üçün faydalı olacağını əminliklə ifadə edən dövlət başçısı 2024-cü ilin mart ayında keçiriləcək bələdiyyə seçkilərinin əhəmiyyətinə toxunub, referendum vasitəsilə konstitusiya dəyişikliyinin zəruriliyini nəzərə çatdırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan yenidən yekdilliklə Ədalət və İnkişaf Partiyasının Sədri seçilib. Səsvermə nəticəsində partiyanın 75 nəfərdən ibarət Mərkəz Qərar və İdarə Heyəti də müəyyənləşib.

Qurultayda iştirak edən xarici qonaqların şərəfinə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın adından Prezident sarayında rəsmi ziyafət verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı