“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Bakıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib.

Metbuat az xəbər verir ki, toplantıda Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Baş nazirin müavinləri, nazirlər, agentlik və komitə sədrləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Baş nazir Əli Əsədov qeyd edib ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi tamam olur: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib”.

Daha sonra çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev isə bildirib ki, tarixi kontekstdə qısa dövr olsa da, bu 20 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub. Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da çıxışında qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi: “Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib: “Prezident İlham Əliyev Vətən Müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlanğıcı idi. Nazir söyləyib ki, Vətən müharibəsində əldə edilən böyük qələbə, antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası bölgədə yeni reallıqlar yaradıb: “Prezident və Birinci vitse-prezidentin səyləri nəticəsində Qarabağımızın çiçəklənməsi ən böyük hədəflərimizdəndir”.

Digər çıxışçılar da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdən danışıblar.

Sonda Prezident İlham Əliyevlə bağlı film nümayiş etdirilib.

Bununla da konfrans işini yekunlaşdırıb.

11:40

Bakıda Nazirlər Kabinetinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə keçirilən konfransda Baş nazirin müavinləri, eləcə də digər hökümət rəsmiləri iştirak edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı