Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasında Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə türk dünyasının müxtəlif bölgələrindən ölkəmizə gəlmiş media nümayəndələri ilə, şair və yazıçılarla görüş keçirilib. Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından bildirilib.
Şuranın sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. O, ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb, mövcud əməkdaşlıqda media orqanları arasındakı münasibətlərin əhəmiyyətindən söz açıb.
Şuranın İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl türk toplumları arasındakı mədəni əlaqələrin inkişafına ümumən türk toplumunun qlobal inteqrasiya proseslərindəki mövqeyi baxımından aydınlıq gətirib. O, rəhbərlik etdiyi qurumun bununla bağlı fəaliyyətindəki konkret məqamları açıqlayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair-publisist Əkbər Qoşalı təmsil olunduğu qurumun türk xalqları arasındakı əlaqələrin dərinləşməsinə yönələn fəaliyyətindən söz açıb. O, eyni zamanda, istər ölkəmizə, istərsə də ölkəmizdən türk dünyasının müxtəlif bölgələrinə işgüzar səfərlərin bundan sonra da təşkil olunacağına əminliyini bildirib.
Çıxış edən qonaqlardan Makedoniya parlamentinin üzvü Enes İbrahim, Türkiyənin Kocaeli bələdiyyəsinin mətbuat katibi, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucusu Alptəkin Cevhərli, Şimali Kipr Türk Respublikasının Xarici Media Əlaqələri Birliyinin rəhbəri Züleyxa Karaman, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyinin üzvü, Fanil Ganji və başqaları Bakıda səfərdə olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar qarşılıqlı əməkdaşlıq baxımından diqqət çəkən bir sıra məqamlara da toxunaraq media və ictimaiyyətin ortaq türk dəyərlərinin təbliğindəki rolunun artırılmasının vacibliyini qeyd ediblər.