Yüksək bal toplayan tələbələrdən 14-ü kənd məktəbinin məzunlarıdır

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider Heydər Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2023-cü il Azərbaycan tarixində ən əlamətdar il kimi yaddaşlarda qalacaq:

“Bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirib. Bu qələbənin təmin olunmasında ən yeni texnologiyalarla təchiz edilmiş milli ordumuzla yanaşı, yüksəkixtisaslı kadr potensialı, intellektual ordumuz da rol oynayıb. Burada əyləşənlər də elə bizim intellektual ordumuzun nümayəndələridirlər”.

Məleykə Abbaszadə bu il keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan 102 nəfər Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

O qeyd edib ki, yüksək bal toplayan tələbələr arasında 52 nəfər regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 14 nəfər kənd məktəbinin məzunlarıdır.

Daha sonra “İlk Prezident təqaüdçüləri” filmi nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı