Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi barədə məlumat vermişdik.
Metebuat.az Trend-ə istinadən xəbər verir ki, hərbi paradda yayılan kadrlardan bir detal xüsusilə diqqət çəkib.
O da Xankəndidəki paradda erməni hərbi avtomobillərinin nömrələrindən hazırlanan lövhə nümayiş etdirilməsidir.
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib. Həmin nömrələrin məhz 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri zamanı separatçıların, qondarma rejim qalıqlarının qoyub qaçdıqları avtomobillərə məxsus olduğu istisna edilmir.
Sözügedən lövhəyə böyük hərflərlə "ZƏFƏR" sözü həkk edilib.
Xatırladaq ki, 2021-ci ildə - 44 günlük müharibədən 1 il sonra paytaxtda keçirilən Zəfər paradda da İkinci Qarabağ müharibəsində ermənilərə məxsus qənimətlərdən götürülən nəqliyyat vasitələrinə məxsus nömrələrin də "Qarabağ Azərbaycandır!" adı altında keçidi olmuşdu.