Ombudsman ATƏT PA-nın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatından Metbuat.az-a verilən məlumata görə, görüşdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, sədr müavini Hikmət Babaoğlu, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov, ölkəmizin Avstriyadakı səfiri və ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli də iştirak ediblər.

Səbinə Əliyeva görüşdə Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, insan hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

Ombudsman Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin həyata keçirildiyini, dilindən, dinindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının təmin edildiyini, heç bir ayrı-seçkiliyə yol verilmədiyini qonaqların diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, hazırda bu ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini bildirib.

Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib.

İşğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə məlumat verən Səbinə Əliyeva dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini, basdırılmış minaların insanların həyatına təhlükə yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini qeyd edib.

Ombudsman həmin ərazilərdə aparılan minatəmizləmə və bərpa-quruculuq işləri zamanı azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkar olunduğunu, təsisat tərəfindən faktaraşdırıcı missiyaların həyata keçirildiyini bildirib, aşkarlanmış kütləvi məzarlıqlar, eləcə də Ermənistanın mina terroru ilə bağlı xüsusi hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini diqqətə çatdırıb.

Müvəkkil Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək üsulları ilə bağlı açıqlamalar verildiyini bildirib.

Ombudsman Ermənistan ərazilərindən məcburi olaraq köçürülmüş azərbaycanlıların hüquqlarının müdafiəsinin vacibliyini vurğulayıb, ATƏT-ə mandatı çərçivəsində bu istiqamətdə müvafiq addımların atılması ilə bağlı çağırış edib.

Görüşdə Əziz Ələkbərli, Hikmət Babaoğlu, Kamal Cəfərov və Xocalı soyqırımının şahidi çıxış edib, azərbaycanlıların Ermənistan ərazilərindən məcburi olaraq köçürülməsi, vətəndaşlarımıza qarşı törədilmiş cinayət əməllərindən danışıblar. Qonaqlara vaxtilə 300 mindən çox azərbaycanlıların Ermənistandan köçürülməsi, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələrin dağıdılması barədə geniş məlumat verilib.

Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün təmin edilməsi, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması istiqamətində təşəbbüslər göstərildiyi, lakin Ermənistan tərəfindən bölgədə sülh quruculuğu, azərbaycanlıların geriqayıtma hüququnun təmini istiqamətində hər hansı bir addımın atılmadığı qeyd olunub.

Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı