“Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) yeni kadr təyinatı həyata keçirilib. Fariz Rəhimov bankın icraçı direktoru vəzifəsinə təyin olunub.
Metbuat.az xəbər verir ki, Fariz Rəhimov 2011-ci ildən ABB-də çalışır. O, 2011–2018-ci illərdə Kredit riskləri üzrə rəhbər, 2018–2019-cu illərdə direktor müavini, 2019–2024-cü illərdə isə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində işləyib.
2024-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək bankın Risk Ofisinə rəhbərlik edən Rəhimov yeni təyinatadək bu vəzifəni icra edib.
O, eyni zamanda 2023-cü ilin yanvarından “Azərikard”ın Audit Komitəsinin, 2026-cı ilin iyunundan isə “ABB Invest”in Müşahidə Şurasının üzvüdür.
Fariz Rəhimov ABB-dəki fəaliyyətindən əvvəl 2005–2010-cu illərdə Azərbaycan Mərkəzi Bankında iqtisadçı, analitik və mütəxəssis vəzifələrində çalışıb. 2010-cu ildə isə Azərbaycan İpoteka Fondunda fəaliyyət göstərib.
Təhsilini də beynəlxalq səviyyədə davam etdirən F. Rəhimov ABŞ-nin Dyuk Universitetinin Fuqua Biznes Məktəbində “Adaptive Strategic Execution” proqramında iştirak edib. Həmçinin Böyük Britaniyanın Uorvik Universitetinin Biznes Məktəbində “Executive MBA” proqramı üzrə təhsil alıb.