Səbinə Əliyeva yenidən Ombudsman seçilib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva idi.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.