Bəzi şəxslərin adı uzun illər tutduqları vəzifə ilə yanaşı çəkilir. Polis general-mayoru Ramiz Zeynalov da Azərbaycanda daxili işlər orqanlarında uzunmüddətli fəaliyyəti ilə tanınan şəxslərdəndir. Onun peşəkar fəaliyyəti bir neçə onilliyi əhatə edir.
Metbuat.az xəbər verir ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, 1968-ci ildə Qovlar qəsəbə orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Rostov filialını bitirib.

Fotoda: Ramiz Zeynalov
Zeynalov əmək fəaliyyətinə elmi işçi kimi başlayıb, 1976-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub. Müxtəlif vəzifələrdə çalışan general-mayor 1994-cü ilin avqustundan Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edib. 2003-cü ildə ona polis general-mayoru xüsusi rütbəsi verilib. O, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Ramiz Zeynalov ailəlidir, bir övladı və üç nəvəsi var. O, Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun qardaşıdır.