Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan Muxtar Respublikasında Şərur şəhər məscidini və rayonun Xələc kənd məscidini ziyarət edib, eyni zamanda Şərur rayon dini icmasında yaradılan şəraitlə tanış olub.
Metbuat.az xəbər verir ki, məscidləri ziyarət zamanı din xadimləri ilə görüşən Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqın əsrlər boyu təşəkkül tapmış mənəvi sərvətlərinin qorunması, dini ibadətgahların tikintisi, bərpası və mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət başçısının dini sahəyə göstərdiyi diqqət və qayğı bu istiqamətdə reallaşdırılan çoxsaylı layihələrdə, dini icmaların fəaliyyətinə verilən dəstəkdə öz əksini tapır.
Qeyd olunub ki, bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinin yaşadılması, dini-mədəni irsin gələcək nəsillərə çatdırılması və ortaq mənəvi dəyərlər ətrafında həmrəyliyin daha da möhkəmləndirilməsidir.
Ramin Məmmədov dini ibadətgahların vətəndaşların mənəvi həyatında mühüm yer tutduğunu vurğulayıb. Komitə sədri din xadimləri ilə söhbətində dini maarifləndirmə işinin daha da gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin, eləcə də cəmiyyətdə sağlam dini mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Din xadimləri xalqımızın tarixi-mədəni ənənələrinin mühafizəsi və təbliği, dini ibadətgahların fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu sahəyə göstərilən dövlət qayğısına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.