YAP, AK Parti və UBP arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri davam edir.

Metbuat.az xəbər verir ki, səfər çərçivəsində noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası (UBP) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Sonra müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürkün, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Rauf Denktaşın, Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası adından təbriklərini çatdırıb. O, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafının mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını və separatizmi birdəfəlik aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regional və beynəlxalq miqyasda önəmli geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin Türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaratdığını bildirib. YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin olduqca önəmli olduğunu söyləyib. “Bu kontekstdə Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də zəruridir” ,- deyə YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib.

2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığını diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə YAP, AK Parti və UBP arasında üçtərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Anlaşma Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetləri müəyyənləşdirən çox önəmli sənəddir. “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü, Şimali Kipr Türk Cümhuriyyətinin isə 40-cı ildönümlərində qardaş xalqların hakim siyasi partiyaları arasında Anlaşma Memorandumunun imzalanması mühüm mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi tarixi önəm daşıyır” ,-deyən YAP Sədrinin müavini əlavə edib ki, Memorandumdan irəli gələn vəzifələrin icra olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, ortaq maraqlara əsaslanan tədbirlərin reallaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinə töhfə olacaq, partiyalararası münasibətlərə dinamizm gətirərək müştərək hədəflərə çatmağa imkan verəcək.

AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında əlaqələrin inkişafının siyasi öncəliklərdən biri kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Azərbaycanın Qarabağ Zəfərinin regionda yeni nizam yaratdığını söyləyən Efkan Ala ölkəmizin suverenliyini tam bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdıran AK Parti Sədrinin birinci müavini Türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. “Yeni dönəmdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafı maraqlarımızın təmin olunması və strateji hədəflərin reallığa çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır” ,- deyən Efkan Ala iqtidar partiyaları arasında münasibətlərin bu prosesə layiqli töhfə olacağına inamını ifadə edib.

Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətindən bəhs edən Efkan Ala “Memorandumda əksini tapan məsələlər bizim niyyətimizi – ortaq dəyərlərə və milli maraqlara əsaslanan münasibətlərin inkişafı istiqamətində iradəmizi əks etdirir, qarşıdakı dövr üçün hədəflərimizi müəyyən edir. Üçtərəfli təmasların sıxlaşdırılması çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinə etibarlı zəmin yaradır. Anlaşma Memorandumu hakim partiyalar arasında məqsədyönlü işbirliyinin yol xəritəsi olacaq, sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsi bizə yeni uğurlar qazandıracaq”,- deyib.

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstün beynəlxalq münasibətlər sistemində hazırkı reallıqlar fonunda Türk dünyasının yeni çağırışlarla üzləşdiyini diqqətə çatdırıb. Belə bir şəraitdə Türk xalqlarının həmrəylik nümayiş etdirməsinin və səmərəli, nəticəyönümlü əməkdaşlıq qurmasının vacib prioritetlərdən olduğunu bildirən Ünal Üstün Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin qardaşlıq nümunəsi ortaya qoyaraq münasibətlərin inkişafına xüsusi önəm verdiklərini və prinsipial mövqe nümayiş etdirdiklərini söyləyən Baş nazir hakim partiyalar arasında münasibətlərin xalqlarımızın maraqlarının təmin olunmasına yönəldiyini qeyd edib. “Ulusal Birlik Partiyası AK Parti və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafında son dərəcə maraqlıdır”,- deyən partiya sədri Anlaşma Memorandumunun yeni formatda - üçtərəfli əlaqələr müstəvisində əməkdaşlığa təkan verəcəyini bildirib. “Biz bu gün xalqlarımızın maraqlarının, partiyalarımızın hədəflərinin dəqiq əks olunduğu Anlaşma Memorandumu imzalamaqla qarşılıqlı faydalı əməkdaşlığın möhkəm əsaslarını yaradırıq. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”,- deyə Ünal Üstün bildirib.

Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, UBP-nin Sədri Ünal Üstün imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı