Bu qadınlara gecə və bayram günlərində işləməyə icazə veriləcək

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək.

Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Mövcud qanunvericilikdə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlbinə dair müddəa isə yoxdur.

Qeyd edək ki, hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən Qadınlar, biznes və hüquq hesabatı dərc edilir. Sözügedən hesabatda ölkəmizin reytinqinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması, ölkə üzrə qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin yüksəldilməsi, işləyən uşaqlı qadınlara güzəştlərin müəyyən edilməsi və ya onlar üçün əlverişli əmək şəraitinin yaradılmasının təmin edilməsi əsas prioritet olaraq nəzərdə tutulur. Hesabatda “Qadınların əməkhaqqı ilə bağlı qanunlar” göstəricisi üzrə daha yaxşı nəticələr əldə etmək üçün qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləməsinə icazə verən, qadınların kişilərlə bərabər təhlükəli hesab edilən iş yerlərində və ya sənaye sahələrində işləmələrinə icazə verən bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı məsələlərinin təkmilləşməsi, eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa müvafiq olaraq eyni terminlərin vahid şəkildə verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.

Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı