Dünya bazarında neftin qiyməti ucuzlaşır: Manat üçün təhlükə var?

“Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb. Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda, Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir”.

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial media hesabında deyib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ixracdan 29 milyard 345 milyon dollar qazanıb. Bunun da 13 milyard 785 milyonunu neft ixracından əldə edilən gəlirlər təşkil edib. Ümumilikdə neft-qaz sektoruna daxil olan məhsulların ixracından gəlir isə 26 milyard 633 milyon dollara bərabər olub.

İqtisadçının sözlərinə görə, noyabrın 26-da “OPEC+” alyansının iclasının keçiriləcəyi gözlənilir: “Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür.

Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, nefti qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir”.

V. Bayramov vurğulayıb ki, “Brent” markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər: “Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Qeyd edək ki, “Brent” markalı neftin yanvar fyuçersləri 3 sent və ya 0,04% ucuzlaşaraq barrel üçün 82,45 dollar olub. WTI markalı neftin dekabr fyuçersləri isə 1 sent və ya 0,01% ucuzlaşaraq 77,76 dollar olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı