Ermənistan seçim etməlidir: "Sülh müqaviləsi lazımdır, yoxsa..."

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS agentliyinə müsahibəsində bildirmişdi ki, Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.

H.Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

Bu barədə Metbuat.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Elnur Kəlbizadə bildirdi ki, Ermənistanla Azərbaycan arasında qalıcı sülhün əldə edilməsi, sülh müqaviləsinin imzalanması indiki şəraitdə ən çox Ermənistanın özünə lazımdır.


“Azərbaycan şərti sərhəddə özünə aid olan bütün nöqtələrə nəzarəti tamamilə ələ keçirib. Azərbaycan sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan ərazisi vasitəsi ilə reallaşdırıla biləcək layihələrin alternativlərini artıq reallaşdırmaq üzrədir. Azərbaycan üçün Ermənistanın sülh müqaviləsinə imza atıb atmaması indiki şəraitdə o qədər də çox böyük bir əhəmiyyət kəsb etmir”.

Sülh müqaviləsinin imzalanmasının yubanması səbəblərinə toxunan E.Kəlbizadə hesab edir ki, Ermənistana havadarlıq edənlər İrəvanın Azərbaycanın konstruktiv tələbləri ilə razılaşmasına imkan vermirlər:

“Regiona daimi olaraq münaqişələrlə gəlməyə çalışanlar, geosiyasi təsir imkanlarını münaqişələr hesabına regionda təmin etməyə çalışan Ermənistanın sülh müqaviləsinə imza atmasına mane olurlar. Azərbaycanın tələbləri, istəkləri çox aydındır. Beynəlxalq hüquq normaları ilə əsaslandırmış bu tələblər də Ermənistan tərəfindən qəbul edilməlidir.

2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından üç ilə yaxın bir müddət keçməsinə baxmayaraq, İrəvan öhdəlik götürdüyü müqavilənin bəzi şərtlərinə əməl etmir. Rəsmi Bakı hələ də səbr nümayiş etdirib imkanlarından istifadə edərək Ermənistanı ən müxtəlif vasitələrlə tədricən bu kapitulyasiyanın şərtlərini yerinə yetirməyə məcbur edir. Artıq Ermənistan tərəfi düşünməlidir, onlara sülh müqaviləsi lazımdır, yoxsa yox? Əks halda Ermənistan kolonialist siyasət yürüdən, hansısa absurd və illüziya xarakteri daşıyan ideyalar altında regiona soxulmağa çalışan dövlətlərin forpostuna çevriləcək”.

Hazırda Azərbaycan əraziləri ilə bağlı qismən həll edilməli məsələlər olduğunu qeyd edən Elnur Kəlbizadə bildirdi ki, Ermənistanın işğal altında saxladığı kəndlərdən çəkilməlidir:

“Bu kəndlər Ermənistan ərazisində anklav ərazilər olub.Həmin ərazilərin anklava çevrilməsi sovet dövründə qanunsuz olaraq Azərbaycan ərazilərinin Ermənistana verilməsi ilə bağlıdır. İkinci, Ermənistan azərbaycanlıların Qərbi Azərbaycana indi Ermənistan adlanan əraziyə qayıdış hüququna və onların təhlükəsizliyinə təminat verməlidir”.

Müharibənin başa çatdığı ilk gündən Azərbaycanın Ermənistana sülh əlini uzatdığını vurğulayan millət vəkili Azər Badamov Metbuat.az-a bildirdi ki, təəssüf ki, Ermənistan sülh danışıqları prosesinə digər oyunçuları cəlb edərək manipulyasiya edir və sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzadır:


“Əslində gündəlikdə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas məsələlər razılaşdırılmışdır. Hətta məlumata görə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı şərti sərhəddə komisiyaların görüşünün keçiriləcəyi deyilir. Yəni, sülh müqaviləsinin imzalanması üçün qarşımızda duran ciddi bir maneə yoxdur. Sadəcə, Ermənistan konstruktivlik nümayiş etdirərərək Azərbaycana qarşı saxta ittihamlardan əl çəkərsə, hətta ilin sonuna qədər də sülh müqaviləsi imzalana bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı