"Biz narahatıq, ermənilər hələ də ağıllı yol izləmirlər" - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası (AzTV) İrəvanı təşvişə salacaq kadrlar yayımlayıb. Ermənistan KİV-də ciddi rezonans yaradan bu görüntülərdə tarixi Göy Məscidimizi görmək mümkündür.

Ermənistan mətbuatı yazır ki, Qərbi Azərbaycanla bağlı Azərbaycanın atdığı addımlar Paşinyan hakimiyyətinin zəifliyindən irəli gəlir. Nəşr iddia edir ki, Azərbaycan tərəfi yenidən müharibə aparmaq barədə düşünür.

Az qala İrəvanın qorxulu yuxusuna çevrilən görüntülər və son zamanlar Qərbi Azərbaycana qayıdışla bağlı addımlar barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, Azərbaycanın hər hansı bir şəkildə müharibə aparmaq niyyəti yoxdur:

“Biz dinc şəraitdə yaşamaq istəyirik və bütün tezislərimizi də bu istiqamətdə açıqlayırıq. Əgər Azərbaycana hücum olmasa və erməni terrorizmi yenidən baş qaldırmasa ölkəmizin də müharibə aparmaq kimi niyyəti olmayacaq. Çox təəssüf ki, ermənilər hələ də ağıllı yol izlədiklərini göstərmirlər. Bu da bizi narahat edən əsas məsələlərdən biridir”.

Millət vəkili qeyd etdi ki, bir zamanlar İrəvanda yaşayan vətəndaşlarımızın dinc yolla ata-baba yurdlarına qayıtması Azərbaycan qarşısında duran əsas məsələdir:

“Biz ermənilərin də Qarabağa qayıdışı ilə bağlı açıqlamamızı vermişdik və bu sözümüzün üstündə dururuq. Azərbaycan bölgədə sülhün bərqərar olmasını istəyir. Hazırda erməni cəmiyyətini qorxutmaq üçün sülhdən yayınmaq cəhdləri edənlərin bu addımları səmərə verməyəcəkdir. Onlar sülh masası ətrafında oturmağa məcbur olacaqlar. Çünki gedişat onu göstərir ki, Ermənistanın sülh müqaviləsinə imza atmaqdan başqa alternativi yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı