Aqşinlə Hüseynin bu görüntüləri müzakirəyə səbəb oldu - FOTO

Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib: “Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur-red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi. Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, 1-2 faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı