“Əvəllər hər kateqoriyadan olan insan büdcəsinə görə ev ala bilsə də, indi vətəndaşların əksəriyyətinin aldığı əmək haqqı ilə ömür boyu pul toplasan yenə mənzil sahibi olmaq mümkün deyil”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Qiymət artımına səbəb olan faktorlara toxunan ekspert vurğuladı ki, burada əsasən süni amillər problem yaradır:
“Ölkədə əhalinin böyük bir kütləsi minimal əmək haqqıverilən sahələrdə çalışır. Misal üçün, kvadratı 2500-3000 manata satılan mənzili almaq istəyən vətəndaş 400 manat əmək haqqı alarsa, bu o deməkdir ki, həmin adam yarım il bir kvadrat metr mənzili ödəmək üçün işləməlidir. Təbii ki, belə bir əmək haqqı alan şəxsin bu qiymətə olan binalardan ev almaq imkanı yoxdur”.
Hazırda paytaxtda əvvəlki qədər tikinti işlərinin aparılmadığını qeyd edən ekspert vurğuladı ki, tikintilərin azalmasına əsas səbəb süni formada yaradılır:
“Paytaxtın Baş Planı hələ də hazır deyil. Bu gün binalar sıx şəkildə tikilir. Amma hər sökülən beş mərtəbəli binanın yerində də 16 mərtəbəli bina tikmək olmaz. Onun ərazisi, həyətyanı sahəsi qarşısındakı piyada və avtomobil yolu o binada yaşayan insanların sayına uyğun hesablanıb. Həmin ərazidə ən azından dörd–beş qat yüklənərək, çox ciddi problemlərlə üzləşirik. Xüsusilə də tıxac probleminin olması insanların hərəkətliliyinə maneələr yaradır”.
Paytaxtın Baş Planının hazırlanmasının mümkün olmadığını qeyd edən ekspert çıxış yolunu tikilən bütün yeni tikililərin 50-60 faizinin sökülməsində gördü:
“Söhbət təkcə binaların tikilməsindən deyil, burada olan bütün infrastrukturlardan – su, kanalizasiya qaz xətlərindən də gedir. Bakıya bir az yağış yağan kimi bütün ərazilər gölü xatırladır. Çünki o çəkilən kommunikasiya xətləri sovet döründən qalıb. Əhalinin sayı dəfələrlə artdığı üçün kommunikasiya xəttlərinin gücü buna çatmır. Tikinti dayansa da, amma başqa bir tərəfdən hansısa problem baş verir.”
Qeyd edək ki, Bakının yeni Baş planı çərçivəsində paytaxtda yerləşən 150-yə yaxın binanın sökülməsi nəzərdə tutulub. Əsasən, ərazinin zonalaşdırılması, yeni mühəndis kommunikasiya sistemləri, eləcə də nəqliyyat infrastrukturunun yenilənməsi planlaşdırılır. Həmçinin yeni Baş plana əsasən, Bakıda 50 km-ə qədər tramvay xəttinin qurulması nəzərdə tutulub. Əlavə olaraq metro stansiyalarının sayı 47-yə çatdırılacaq. İşlər yekunlaşdıqdan sonra bəzi ərazilərdə həm torpaq sahələrinin, həm də mənzillərin qiymətlərinin artması gözlənilir.
Xatırladaq ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır.
Gülbəniz Hüseynli / Metbuat.az