Azərbaycanda 2023-cü ildə siyasi və iqtisadi sahədə nələr yaşadı? - TƏHLİL

Yola salacağımız 2023-cü ildə Azərbaycanın siyasi və iqtisadi həyatında bir çox mühüm hadisələrlə yadda qaldı. Xüsusilə qeyd edə bilərik ki, Azərbaycan-Ermənistan münasibətlərində kulminasiya məhz bu il ərzində yaşandı.

İl ərzində Azərbaycan xalqı bir çox tarixi anın şahidi oldu. Lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi separatçılardan təmizləndi. 2023-cü ilin noyabrın 8-i Zəfər Günü ilə əlaqədar Zəfər Paradı keçirildi.


Noyabrın 21-i Prezident Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məqsədilə Sərəncam imzaladı. Bu hadisələrdən iki ay öncə isə Ermənistan vətəndaşı Vardanyan Ruben Karlenoviç törətdiyi cinayətlərə görə ittiham edilərək saxlanıldı. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi.

Bu il xunta rejiminin əsas nümayəndələri qolubağlı Bakıya gətirildi. Xocalı, Meşəli soyqırımlarının iştirakçısı olmuş erməni canilər Azərbaycanın haqq-ədalət məhkəməsi qarşısında əməllərinə görə ittiham edilib, göz yaşı tökdülər.

İlin siyasi yekunlarına dair Metbuat.az-a deputat Arzu Nağıyev açıqlama verib. Müsahibimiz hesab edir ki, 2023-cü il Azərbaycanın daxili və xarici siyasətində çox mühüm və dönüş ili olaraq yadda qaldı:

“2023-cü ilin mühüm hadisəsi Xankəndində Azərbaycan bayrağının dalğalanması, ölkəmizin tam şəkildə suverenliyinin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi oldu.

Azərbaycan bu il həm daxili siyasətdə, həm iqtisadi sferada böyük uğurlar əldə etdi. İşğaldan azad edilən torpaqlarımıza “Böyük qayıdış” məhz bu il uğurla icra edildi. Qarabağda dinc quruculuq fəaliyyətlərinin həyata keçirilməsi, kommunikasiyaların bərpası, o torpaqların əsl sahiblərinin yurdlarına qayıtması üçün mühim işlər görüldü.

Ölkənin daxili siyasətinə əsasən sosial məsələlərin həlli yönündə atılan addımlar da qənaətbəxş sayılır. Heydər Əliyev Fondu tərəfindən şəhid ailələri və qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların sağlamlıq və digər ehtiyaclarının qarşılanması üçün görülən işlər təqdirəlayiq hal kimi dəyərləndirilə bilər”.

Cari ilin yekunları barədə açıqlamasında Azərbaycanın xarici siyasət istiqamətində yaşadığı uğurlara toxunan Arzu Nağıyev qeyd etdi ki, iyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının iclası da ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə nümunədir:

"Torpaqlarımızdan qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək" -

“Bu tədbirlərin davamı olaraq 2024-cü ildə Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqlim dəyişikliyi sahəsində birgə görə biləcəyi işlər, bu istiqamətdə yürüdülməsi vacib olan məsələlər BMT-nin diqqət mərkəzindədir. Hesab edirəm ki, ölkəmizin sədrliyi ilə keçirilməsi planlaşdırılan bu möhtəşəm tədbir Azərbaycanın növbəti uğurları kimi tarixə düşəcək.

Qarşıdan gələn il də ölkənin həm iqtisadi, həm siyasi həyatında önəmli hadisələrlə yadda qalacaq. Xüsusilə əhalinin rifah halının yaxşılaşdırılması üçün hökümət ciddi işlər görür. Düşünürəm ki, gələn il ictimaiyyəti narahat edən Azərbaycan və Ermənistan arasında münasibətlər, Qarabağ regionunda gərginlik və sülh müqviləsinin bağlanması istiqamətində də dönüş ili ola bilər”.

Azərbaycan üçün iqtisadi cəhətdən 2023-cü il 2022-ci ildən inkişaf baxımdan müsbət fəaliyyətlərlə yadda qaldı. İki il pandemiya dövründən sonra ölkəmiz 2023-cü ildə yüksək iqtisadi göstəricilər, dayanıqlılıq nümayiş etdirdi.

İqtisadi sahədə Bakı mühüm tədbirlərə ev sahibliyi etdi. Paytaxtda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi keçirildi. Bakı Enerji Həftəsi öz brendi altında üç böyük tədbiri - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumunu birləşdirdi. Daha sonra Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzaladılar.

16 sentyabr 2023-cü il tarixində isə Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu təşkil edildi.

İlin iqtisadi yekunları barədə Metbuat.az-a iqtisadçı, millət vəkili Vüqar Bayramov danışıb.

Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması prosesinin davam etdirildiyini xatırladan Vüqar Bayramov bildirdi ki, 2023-cü ildə sadalanan regionların iqtisadi dirçəlişi üçün beş milyard manata yaxın vəsait yönəldilmişdi:

Vüqar Bayramov qardaşının həbsinə münasibət bildirdi

“2023-cü ildə bu regionların iqtisadiyyatın formalaşması və reinteqrasiyası baxımından vacib illərdən biri oldu. Azərbaycan iqtisadiyyatındakı artım tempi qorunub saxlanıldı. İqtisadi yüksəliş daha çox qeyri-neft sektoru hesabına baş verdi. Enerji sektorunda məhz 2023-cü ildə yeni dəyərdə azalma müşahidə olunsa da, buna rəğmən qeyri-neft sektorundakı artım ümumi daxili məhsulda artımın qorunub saxlanmasına imkan yaradır.

Sosial istiqamətdə bir çox uğurlu addımlar atıldı, minimum əmək haqqı və pensiya artırıldı. Bir sıra sektorlar üzrə maaş artımları və müavinətlərdə artımlar qeydə alındı. Bütövlükdə həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan 2003-cü yadda qalan illərdən sayılır. Hesab edirəm ki, əldə edilən nailiyyətlər və formalaşmış baza 2024-cü ildə də iqtisadi artımın davam edəcəyinə zəmin yaradır”, - deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı