Qətlə görə həbs edilən şəxsin bəraət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən İsmayılov Polad Şəmsəddin oğluna bəraət verilməsinə dair məlumatlar yayılmaqdadır.

Metbuat.az xəbər verir ki, məsələ barədə Baş Prokurorluq açıqlama yayıb.

Bildirilib ki, Zaqatala rayon sakini Əyyubova Seyran Şakir qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.

Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.

Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılması tövsiyə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı