Paytaxtı Ağdama köçürməliyik, başqa yolu yoxdur - Deputat

"Universitetləri Bakıdan köçürüb neyniyəcəyik? Birinci universiteti yaradaq ki, sonra köçürək də. Sosial mühit olmayan bir yerdə biz bu prosesi necə idarə edə bilərik? Tutaq ki, köçürüldü Qazaxa, Lənkərana, nə olsun? Orada sosial mühit yoxdur, kamplar yoxdur, universitet üçün gərək orada tamamilə fərqli bir mühit olsun. Ora gedən müəllim orada yaşaya bilsin, qalmağa yeri olsun, idman infrastrukturu olsun. Bu məsələlər öz həllini tapmalıdır. Universitet köçürmək təkcə bir binanı, mebeli köçürmək deyil ki".

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ölkədə ümumiyyətlə yeni universitet modeli qurulmalıdır:

"Qarabağ Universiteti də indiki Təhsil Nazirliyinin ağlı ilə yaradılsa, o universitetdən də bir şey çıxmayacaq, o da Bakıdakı universitetlərin tayı olacaq. Biz normal universitet modelini yaratmaq üçün Yaponiyadan, Koreyadan ağlı başında olan mütəxəssislər gətirməliyik ki, gəl bizə universitet qur. Başqa yolu yoxdur".

Deputat hesab edir ki, Bakıdakı sıxlığı aradan qaldırmaq üçün universitetləri köçürmək yerinə, bütövlükdə paytaxtı köçürməliyik:

"Mən universitet köçürülməsinə adi məsələ kimi baxılmasının tərəfdarı deyiləm. Paytaxtı bu formada saxlamaq mümkün deyil. Paytaxtı köçürməli, Bakını yüngülləşdirməliyik, təqribən Ankara-İstanbul modeli kimi bir şey qurmalıyıq. Əgər bu gün Ağdam yenidən tikilirsə, infrastruktur dünya standartlarına uyğundursa, qoy paytaxt Ağdam olsun, başqa yolu yoxdur".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR