Alıcıları "kənd yumurtası" adı altında belə aldadırlar - FOTO / AÇIQLAMA

Son illərdə həm böyük, həm də kiçik marketlərdə "kənd yumurtası" adı ilə satılan broyler yumurtaları artmaqdadır. Bir çox hallarda isə bu yumurtalara kənd yumurtası görünüşü vermək üçün yumurtaları toyuq nəcisi ilə ləkələyirlər. Sosial şəbəkələrdə də müxtəlif adlar altında bu cür yumurtaların reklamı aparılır.

Metbuat.az məsələ ilə bağlı mütəxəssislərlə söhbətləşib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yumurta bazarında problemlər mövcuddur:

"Əsasən meyvə-tərəvəz mağazalarında tünd rəngdə olan yumurtalar kənd yumurtası adı ilə satılır. Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Marketlər bu cür məhsulları qəbul etməməlidir və bu şəxslər cərimələnməlidir. Kənd yumurtasına təlabat çox olduğu üçün, hətta ən müasir marketlər də ləkəli yumurtaları satışa çıxarırlar. Əslində bu yumurtalar satışa çıxarılmadan əvvəl yuyulmalıdır və qablaşdırılmalıdır. Yumurtanın yuyularkən xarab olması fikri kökündən yanlışdır.

İstehlakçılar o məhsullara üstünlük verməlidirlər ki, onun üzərində buraxılma tarixi və son istifadə tarixi olsun. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bazardakı bütün mallar qablaşdırılmalı və üzərində tarixi qeyd edilməlidir. Təəssüf ki, çox vaxt yumurtalar qablaşdırılmadan və üzərində tarix olmadan satışa çıxarılır".

Sözügedən problemlə bağlı saytımıza danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, təmiz kənd yumurtasının sayı Azərbaycanda əhalini təmin etməyəcək qədərdir. Bu o deməkdir ki, marketlərdə satılan yumurtaların heç də hamısı kənd yumurtası deyil:

"Kənd toyuğu, "gəzən toyuq" anlayışı artıq yoxdur bizdə, varsa da çox cüzidir. Öz həyətində toyuq saxlayan insanlar var ki, onlar da ölkəni təmin edəcək qədər deyil. Bu gün kənd, əkib-becərmək anlayışı qalmayıb. Edənlərə də bəzi məmurlar və monopolistlər mane olurlar. Belə olduğu halda bütün ölkəyə çatacaq qədər kənd toyuğu ola bilərmi? Özümüzü aldatmayaq.

Broyler yumurtaları həm ağ, həm sarı olur. Sarı olanları yığıb saxlayırlar, üstünə toyuq nəcisi sürtürlər və insanlara kənd qoyuğu adı ilə sırıyırlar. Kənd yumurtaları hərəsi bir ölçüdə olur, marketdəki broyler yumurtaları isə standart ölçüdədir. Kənd toyuğu 4-5 aylıq mərhələdən sonra yumurtlamağa başlayır. Amma broyler toyuqlarına hormonal yemlər verərək süni şəkildə 1-2 ay içində yumurtalamasını təmin edirlər. Bir müddətdən sonra bu toyuqların əti qatlaşır, yararsız olur. Onda da bu toyuqları gətirib metroların qabağında üçü 5 manata satırlar".

Mütəxəssis son olaraq qeyd edib ki, zülallarla, təbii otla qidalanan kənd toyuğu ilə kimyəvi yemlə bəslənmiş broyler toyuqlarının yumurtasının qida dəyəri eyni deyil:

"Ona görə indiki uşaqlarda əqli geriliyə çox rast gəlinir. Broyler yumurtasının heç bir faydası yoxdur. Mütləq şəkildə kənd təsərrüfatına diqqət artırılmalıdır, kəndlilərə, fermerlərə dəstək verilməlidir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı