Azərbaycanda ilk rəngli şəkil bu tarixdə çəkilibmiş - FOTO

Bir çoxlarımızın albomlarında rəngli fotolar ötən əsrin 80-ci illərində peyda olub. Lakin Azərbaycanda ilk rəngli foto-şəkil əsrin əvvəllərində çəkilib.

Metbuat.az bildirir ki, sözügedən foto 1912-ci ildə rəngli fotoqrafiyanın pionerlərindən hesab edilən məşhur rus fotoqraf Sergey Mixayloviç Prokudin-Qorski (1863-1944) tərəfindən Saatlıda qeydə alınıb və “İranlı tatarlar. Saatlı. Muğan” adlandırılıb. Fotoda bir qayığın tini üzərində oturmuş 2 Saatlı sakini yer alır.

Etnik baxımından tatar olan Prokudin-Qorski 1908-ci ildə Lev Tolstoyun rəngli foto-şəklini çəkməklə məşhurlaşır. Rəngli təsvirlərə heyran olmuş imperator II Nikolay Rusiyanın bütün əsas görməli yerlərini təbii rənglərlə sənədləşdirmək üçün Prokudin-Qorskiyə lazımi nəqliyyat xərcləri və icazələrin verilməsini əmr edir. Fotoqraf qısa müddətdən sonra ilk ekspedisiyasına yollanır. O, Qafqazda, Azərbaycanda da olur.

Maraqlıdır ki, Azərbaycanla bağlı şəkillərin böyük əksəriyyəti Muğan düzünü, indiki Saatlı və Sabirabad rayonlarının ərazisini əhatə edir. Təbii ki, o vaxtlar inzibati-ərazi bölgüsü kimi rayonlar hələ mövcud deyildi. Saatlı o zaman Bakı quberniyasının Cavad qəzasının tərkibində yaşayış məskəni idi.

Bolşevik inqilabından sonra 1918-ci ildə Rusiyadan mühacirət etdiyi üçün tarixi foto-sənədlər uzun illər geniş ictimaiyyətə məlum olmayıb. Yalnız 2000-ci ildə kolleksiya ABŞ Konqres Kitabxanasının veb-saytında açıq istifadə üçün təqdim olunub.

Fotoların əksəriyyəti 1912-ci ildə çəkilib və 44 səhifəlik albomun 33-38-ci səhifələrində qeydiyyata düşüb. Bu seriya “Saatlı yaxınlığında Araz çayı. Muğan” şəkli ilə başlayır və əsasən Xarkov quberniyasından köçürülmüş ukraynalı kəndlilərin məskunlaşdığı Muğan düzündəki yaşayış məskənlərini və onun ətrafındakı pambıq təsərrüfatlarını təsvir edir. Bu fotoların ancaq bir neçəsində insanlar təsvir olunub. Və hamısı da qeyri-azərbaycanlılardan ibarətdir. Yalnız bu iki saatlılının əks olunduğu şəkillərdən başqa.


Mənbə: "Saatlınews" Feysbuk səhifəsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR