AŞPA-da iclas zamanı əcnəbi deputat “Yaşasın Azərbaycan” şüarı səsləndirdi

Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qərarın müzakirəsi zamanı Azərbaycan dilində “Yaşasın Azərbaycan” şüarı səsləndirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsini nəzərdə tutan qərarın səsə qoyulmasından öncə çıxış edən Qonçarenko assambleya üzvlərini doğru qərar qəbul etməyə çağırıb.

“Avropalı Mühafizəkarlar” adından çıxış edən Qonçarenko sözügedən təşəbbüsün Strasburqun xeyrinə olmadığını vurğulayıb.

“Bu, mənim və bir çox həmkarlarım üçün olduqca kədərli bir andır. Hazırda yaxşı heç nə baş vermir. Biz bunu etiraf etməli və başa düşməliyik. Hamımıza bir sualım var: hazırda burada baş verənlərə görə kim və harada sevinəcək? Daha bir sual: Bu, bizi daha güclümü edəcək? Düşünmürəm”, – Qonçarenko deyib.

Ukraynalı deputat Azərbaycanın 2001-ci ildən təşkilatın üzvü olduğunu xatırladıb. O, belə bir qərarın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla sülh sazişi istiqamətində atılan addımlara mənfi təsir edə biləcəyini vurğulayıb.

“Həqiqətən indi vəziyyət o zamankından dahamı pisdir? Düşünmürəm… Biz görürük ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh sazişinə doğru irəliləyir. Bu, bizim hamımızın dua etdiyimiz bir şeydir. Biz Cənubi Qafqazda sülh istəyirik, biz bu iki xalq arasında sülh istəyirik. Onlar buna doğru hərəkət edirlər. Biz onların bu ana doğru necə hərəkət etdiklərini görürük. Bu gün bizim burada etdiklərimizin sülh sazişini bir gün belə təxirə salması pis olardı. İndi birlikdə olmaq daha yaxşı olardı”, - Qonçarenko deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı