Milli Məclisin sədri Hulusi Akarla görüşüb

Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib.

Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri bildirib ki, Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.

Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.

Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ fatehi Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb.

Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı