Dəm qazından qorunmaq üçün nə etməliyik? - Ekspert

Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənən və ölənlərin sayı getdikcə artır. Xüsusilə payız və qış aylarında bu hadisələr daha tez-tez olur. Soyuq aylarda az qala hər gün dəm qazından zəhərlənmələr, ölüm halları ilə rastlaşırıq.

Özümüzü bu bəladan necə qoruya bilərik?

Mövzu ilə bağlı Metbuat.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanma prosesi düzgün getmədikdə, dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir.

"Ümumiyyətlə, evdə qaz təchizatı varsa, artıq təhlükənin olması deməkdir. Mütləq qaz təchizatının, qaz avadanlıqlarının, cihazların təhlükəsiz istismarı lazımdır. Ona görə də, mütləq əməl etməli olduğumuz təhlükəsizlik qaydaları var ki, onlara ciddi riayət olunmalıdır. Evdə qaz cihazı olan otaqda mütləq havalandırma, nəfəslik və vintelyasiya sistemi olmalıdır".

Təbii qazın yanma prosesinin hansı halda düzgün getmədiyi barədə danışan E.Nurəliyev bildirib ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir.

"Bəzən çox balaca otaqlarda həm qaz sobası, həm su qızdırıcısı quraşdırılır. Yaxud otağa qaz rezin borularla çəkilir, bu da qəbul edilməzdir. Qaz təchizatı otağa metal borularla getməlidir. Hamam otaqlarını daha təhlükəsiz cihazlarla təmin etməliyik. Qaz cihazı quraşdırılıbsa, mütləq orda da havalandırma, nəfəslik olmalıdır. Qapının aşağı hissəsində xırda dəliklər açılmalıdır. Bəzən çox balaca hamam otağında qazla işləyən su qızdırıcısı quraşdırlır. Mütləq evlərdə həm dəm qazı əleyhinə, həm də qaz sızması əleyhinə dedektorlar olmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı