Azərbaycan seçkilərə doğru - "Aktivlik müşahidə ediləcək"

"Bu seçkilər bundan əvvəlki seçkilərdən geri qalmayacaq, daha da aktivlik müşahidə ediləcək".

Bunu 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə Metbuat.az-a danışan deputat Naqif Həmzəyev deyib. O bildirib ki, seçki ilə əlaqədar aktiv proseslərin icra olunduğunu müşahidə edilir:

"Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam verildikdən sonra Mərkəzi Seçki Komissiyası xüsusi fəaliyyət proqramı elan etdi. Bu proqrama uyğun olaraq seçki prosesinin həyata keçirilməsi, seçki məntəqələrinin, seçki dairələrinin hazırlıq vəziyyətinin ən yüksək səviyyəyə gətirilməsi, namizədlərin təşviqat kampaniyalarını lazımi səviyyədə apara bilmələri üçün onlara şəraitin yaradılması və digər bütün məsələlər öz həllini tapıb. Seçki ilə əlaqədar aktiv proseslərin icra olunduğunu müşahidə edirik. Seçki ilə bağlı hazırlıq işlərinə nəzarətlə əlaqədar xüsusi müşahidə missiyası həyata keçirilib. Seçki günü də həm yerli, həm xarici müşahidəçilər tərəfindən bu missiya həyata keçiriləcək".

Deputatın sözlərinə görə, son proseslərə nəzərən belə qənaətə gəlmək olar ki, prezident seçkiləri yüksək əhval-ruhiyyə ilə keçiriləcək və seçkidə aktivlik müşahidə olunacaq:

"Çünki namizədlər arasında Prezident İlham Əliyevin çox böyük tərəfdaşları var. Digər namizədlərin də öz platformalarını seçicilərə çatdıra bilmələri üçün şərait yaradılmışdır. Onlar həm yerlərdə görüş keçirir, həm də onlar üçün yaradılmış pulsuz efir vaxtından istifadə edə bilirlər.

Seçki məntəqələri və seçki dairələrində bütün lazımi şərait yaradılıb. Seçicilər 7 fevralda gələrək öz səsvermə hüququndan istifadə edəcək və növbəti 7 il üçün ölkə prezidentini seçəcəklər. Düşünürəm ki, bu seçkilər bundan əvvəlki seçkilərdən geri qalmayacaq və daha da aktivlik olacaq".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı