​AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilər? - AÇIQLAMA

  1. "Dövlət başçısı İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Avropa Şurası rəhbərliyinin vaxtı azdır, Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər. Bu mümkündürmü?"

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib:

"AŞPA-dakı deputatların əksər hissəsinin Azərbaycanla problemi yoxdur. AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycana səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Ancaq bu iki halda mümkündür. Birinci halda, AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat və ümumiyyətlə Avropa üçün zərərli olduğunu anlayaraq məsələyə yenidən baxılmasında maraqlı olmalıdır. İkinci halda, Milli Məclis rəhbərliyi və parlamentimizdəki Avropa dövlətləri ilə dostluq qruplarının rəhbərləri və üzvləri fəallıqlarını artıraraq Azərbaycanın səsvermə hüququnun bərpasının vacibliyini həmkarlarına izah etməlidirlər. Bunun üçün Avropa paytaxtlarında görüşlər keçirilməli, geniş izahat işi aparılmalıdır".

Politoloq bildirib ki, Azərbaycanın Avropa stukturundan uzaqlaşıb sonradan qayıtmaq təcrübəsi var.

"Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra ölkəmiz Avronest-i (Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı) tərk etdi. Bir il ərzində Brüssellə Bakı arasındakı intensiv dialoq nəticəsində Azərbaycan Avronest-ə qayıtdı. Yəni qarşılıqlı istək olduqdan sonra Azərbaycanın AŞPA-ya da qayıdışı mümkündür".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı