Tikinti materialları bahalaşdı: Qiymət artımı əmlak bazarına necə təsir edir?

Rusiyadan gələn tikinti materiallarının qiymətinin bahalaşması Azərbaycanda bəzi bu tipdə olan məhsulların qiymətinə təsir edib.

Bazarda satıcılar taxta qiymətlərinin digər materiallara nisbətən daha çox artdığını deyirlər. Yaxın günlərdə digər tikinti materiallarının qiymətinin bahalaşması da istisna edilmir.

Bu barədə Metbuat.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının satış qiymətlərinin artımı daha çox fərdi evlərə təsir edir:

“Yeni tikilən binalarda qiymət artımına səbəb torpaq sahəsi və digər amillərdir. Lakin həyət evlərində tikinti materiallarının faiz artımı, onların birbaşa satışına, qiymətinin artmasına gətirib çıxarır. Qeyd edim ki, bahalaşma daha çox kosmetik tikinti materiallarında müşahidə edildiyi üçün bu, satış qiymətinə daha çox təsir edir.

Pandemiya dövründə tikinti materiallarının bahalaşması müşahidə edilsə də, sərhədlər açıldıqdan sonra bəzi tikinti materiallarının qiymətlərində stabilləşmə müşahidə edildi. Amma bəzi materiallar var ki, onlarda bu artımlar hələ də davam edir”.

Hazırda tikintidə istifadə olunan materialların böyük bir hissəsi ölkəmizdə istehsal olunduğunu vurğulayan ekspert qeyd edib ki, bu məhsullar yerli istehsal olmasına baxmayaraq, onlarda da mütəmadi artımlar müşahidə edilir.

“Tikintidə istifadə olunan daha çox kərpic, mişar daşı, sement, armatur, dam örtüklərinin bir hissəsi və sair hissələrin ölkəmizdə istehsal olunmasına baxmayaraq, onların da qiymətlərində artımlar mütəmadi olaraq baş verir. Təbii ki, bu da daşınmaz əmlak bazarına təsirsiz ötüşmür.

Artım daha çox fərdi evlərin qiymətinə təsir edir. Yeni tikilən binalardakı təmirsiz mənzillərdə cüzi fərq etsə də, artım təmirli mənzillərin satış qiymətlərində də özünü müəyyən qədər biruzə verir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı