Ailə üzvlərini qətlə yetirən Əhməd cəzadan azad edilə bilər - Vəkil

Ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov cəzadan azad edilə bilər.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Vüqar Babayev deyib.

O bildirib ki, təqsirləndirilən şəxs Məhkəmə Tibbi Psixiatrik Ekspertisaziyasından keçiriləndən sonra onun anlaqlı olub olmamağı müəyyən ediləcək:

“Müəyyən olunsa ki, şəxs cinayəti törədərkən anlaqsız olub, yəni törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməyib, o zaman şəxsin barəsində sağalana qədər məcburi müalicə təyin oluna bilər. Bu halda o, psxiatriya xəstəxanasına stasionar müalicəyə göndərilir və cəzadan azad edilir. Adətən belə xüsusi amansızlıqla cinayət törətmiş şəxslər məcburi psixiatriya xəstəxanasına müşahidə altında yerləşdirilir və müalicə edilir”.

V. Babayev qeyd edib ki, törətdiyi cinayət əməlində iki və daha artıq şəxsi qəsdən öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə və digər motivlər də müəyyən edilərsə, ona uyğun da ittihamlar verilə bilər:

“Əgər şəxs, cinayəti anlaqlı vəziyyətdə törədibsə, o zaman onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Yox, əgər cinayəti anlaqsız vəziyyətdə törədibsə, sağalana qədər psixiatrik xəstəxanada müalicə olunur. Sağalandan sonra isə cinayət məsuliyyətinə cəlb edilmir. Ona görə ki, şəxs cinayəti törətdikdə anlıaqsız olub”.

Qeyd edək ki, dünən saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ə. Əhmədov hadisədən öncə, digər ünvanda yaşayan bacısı Elmira Əhmədova və onun 5 yaşlı körpəsini öldürüb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı