Ermənistanla yenidən müharibə olacaq? - Polkovnikdən AÇIQLAMA

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

13 fevral tarixində Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib.

Təxribatlarla bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təhdid edəcək hər hansı bir vəziyyətə cavab verməyə daim hazırdır:

Hansısa bir təxribata Azərbaycan hərbi əməliyyatla cavab verəcək -

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, Prezident İlham Əliyev andiçmə mərasimində bir daha Ernənistana mesaj verdi ki, əgər ərazi bütövlüyümüzə hər hansı təhlükə yaranarsa, Azərbaycan dövləti dərhal cavab addımlarını atacaq.

Hazırda Azərbaycan ordusu və Dövlət Sərhəd Xidmətinin hərbi hissələri şərti sərhəddə bütün əməliyyat şəraitini nəzarət altında saxlayırlar. Hətta son hadisələrlə bağlı təqdim olunan videomateriallar bir daha onu göstərib ki, Azərbaycan ordusu vəziyyətə nəzarət edir.

Düşünürəm ki, Ermənistan hər hansı növbəti təxribata imkan yaratsa, Azərbaycanın cavabı çox təsirli olacaq. Bunu Azərbaycan dövləti də gizlətmir. Əgər Ermənistan hansısa eskalasiya tədbirlərini genişlədərsə, Azərbaycan tərəfi lazım olan addımı atacaqdır”.

Azərbaycanla Ermənistanın hələ də müharibə şəraitində olduğunu qeyd edən polkovnik bildirib ki, biz ərazi bütövlüyümüzü bərpa edib, işğalçıları torpağımızda darmadağın etsək də, bu, hələ sülh demək deyil:

“Azərbaycan sülhə kökləndiyi beş prinsip əsasında öz təkliflərini verib, sülh müqaviləsi bağlanması ilə bağlı dəfələrlə danışıqlarda iştirak edib. Ancaq hələ də sülh müqaviləsi bağlanmayıb. Ermənistanın sülh masası ətrafında oturmasına mane olan qüvvələr var.

Onlar Ermənistanın hərbi siyasi rəhbərliyinə, rektoratına da təsir göstərə bilir. Biz Ermənistan Baş naziri Nikol Paşinyanın həm ikiüzlüyü, həm də öz dövlətində, əhali arasında elə də böyük nüfuza malik olmadığını görürük. Heç vaxt müstəqil qərar verə bilməyən Ermənistan, indi də havadarlarının fikirləri əsasında qərar verir. Son sərhəd hadisəsində Azərbaycan tərəfi Ermənistana üzrxahlıq üçün şərait yaratsa da, təəssüflər olsun ki, onlar tərəfdən müraciət olmadı.

Avropanın son zamanlar Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistandan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməsi, tərəflər arasında sülhə gedən yolda maneələrin yaranmasına səbəb olur.

Əgər Ermənistan bir daha Azərbaycanın hava məkanını hansısa şəkildə pozmaq istəsə, Azərbaycanın yetərli qədər gücü var ki, buna qarşı tədbirlər görsün. Ehtiyac yaranarsa, biz bir daha “Dəmir yumruğu” işə salaraq, Azərbaycan nəyə qadir olduğunu göstərə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı